10 noyabr Bəyanatı
Digər xəbərlər

10 noyabr Bəyanatı

Bu tarixi sənədin bütün müddəalarına hörmətlə yanaşılmalıdır

Noyabrın əvvəllərində erməni ordusu demək olar ki, tam sürətlə geri çəkilir, heç bir müqavimət göstərmirdi. Xarici müxbirlər erməni silahlı qüvvələrinin arxa cəbhəsində vahimənin get-gedə artması barədə xəbərlər yayırdılar.

Ayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev 23 kəndin işğaldan azad olunduğunu bəyan etdi. Bir qədər sonra daha 48 kəndin, 1 qəsəbənin azad edildiyi, 8 strateji yüksəkliyin ələ keçirildiyi barədə xəbər verildi. Noyabrın 9-dan 10-na keçən gecə üç dövlətin - Azərbaycan, Rusiya və Ermənistanın liderləri keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli Bəyanat imzaladılar.

Həmin gecə Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək demişdi: "Hesab edirəm ki, bu Bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub... Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu Bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu Bəyanata öz imzamı atmışam. Çünki bu Bəyanat uzun illər davam edən işğala son qoyur...".

Bəyanata əsasən noyabrın 20-də Azərbaycan Ordusu Ağdam rayonuna daxil oldu. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın Ordumuzun nəzarətinə keçdi. Qələbədən bir qədər sonra Azərbaycan keçmişin qara səhifəsini bağlamaq məqsədilə  düşmən ölkəyə sülh təklif etdi. Bu məsələ isə hələ də masa üzərindədir.

Üçtərəfli Bəyanatla tərəflər öz üzərlərinə öhdəliklər götürdülər. Ötən müddət isə onu göstərir ki, tərəflər arasında Azərbaycan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsində daha məsuliyyətlə hərəkət edir, bu sənədin hər bir müddəasına hörmətlə yanaşır. Yeri gəlmişkən onu qeyd edək ki, üçtərəfli Bəyanatın şərtləri elə ilk vaxtdan Ermənistan və Rusiya tərəfindən pozuldu. Belə ki, Bəyanata əsasən rus sülhməramlı kontingenti Qarabağa həmin ərazidən separatçı qüvvələrin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Lakin belə olmadı. Ermənistan Ordusunun hərbçiləri bölgəni tərk etmədilər. Sülhməramlılar isə üzərlərinə düşən vəzifəni lazımınca icra etmirlər, daha doğrusu, onlar ermənilərin maraqlarını müdafiə edirlər. Onların gözü qarşısında, hətta iştirakı ilə Qarabağın təbii sərvətləri qanunsuz şəkildə istismar olunur, talanır, xarici ölkələrə ixrac edilir. Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, sülhməramlılar heç bir tədbir görmür.

Zəfərlə başa çatan Vətən müharibəsində işğal altında olan torpaqların azad edilməsi Azərbaycanın diplomatiya sahəsində gücünü bütün dünyaya göstərdi. Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasını istəyən Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təmin edəcək 5 prinsip təqdim etdi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində  ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək  səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində qarşı tərəfdən buna cavab verilmədi.

Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan isə əksinə, Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələri çıxarılmır. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: "...Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq".

Ermənistan Zəngəzur dəhlizinin də açılmasını istəmir. Halbuki Zəngəzur dəhlizi 10 noyabr Bəyanatında Azərbaycandan Naxçıvana "maneəsiz keçid"in verilməsi məntiqi ilə əksini tapsa da, Ermənistan razılaşmada "dəhliz" ifadəsinin olmadığına istinad edərək bundan imtina edir. Rusiyadan fərqli olaraq Qərb Azərbaycandan Naxçıvana gedən yolun "dəhliz" yox, "yol" nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə açılmasının tərəfdarıdır. Bu məsələ ilk dəfə Brüssel görüşündə gündəmə gələndə Bakı "Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir" prinsipini irəli sürdü və bu gedişlə hər iki platformada - Qərb və Rusiya masasında proseslərin inkişafına uyğun  qazanclı çıxmaq manevri etdi: Ermənistan Zəngəzurdan dəhliz vermirsə, o zaman Azərbaycan Laçın dəhlizinə nəzarət-buraxılış postu qurur. Ermənistan bu təklifi də qəbul etmədi. Kapitulyasiya aktına imza atmasına rəğmən işğalçı ölkə təxribatçılıq fəaliyyətinə də son qoymur. Öz havadarlarına arxalanan erməni separatçılarının məqsədi münaqişəni yenidən alovlandırmaq, vəziyyəti gərginləşdirməkdən ibarətdir. Qərb və Rusiya arasında get-gəl edən Ermənistan hökuməti nəticə çıxarmalı, imza atdığı Bəyanatın müddəalarına əməl etməlidir. Ümumiyyətlə, Bəyanatın müddəalarına hər bir dövlət hörmətlə yanaşmalıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".