Tolqa Özgenc: Şuşa həm Azərbaycan, həm də Türkiyə üçün çox önəmli şəhərdir
MÜSAHİBƏLƏR

Tolqa Özgenc: Şuşa həm Azərbaycan, həm də Türkiyə üçün çox önəmli şəhərdir

Şuşaya səfərimiz Azərbaycanın Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə reallaşdı. Şuşa həm Azərbaycan, həm də Türkiyə üçün çox önəmli bir şəhərdir. Bu şəhərin nə qədər əhəmiyyətli olduğunu Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində buranı qaytarmaq üçün canla-başla apardığı mübarizəsindən də anlamaq olar.

Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Anadolu Agentliyinin Bakı bürosunun rəhbəri Tolqa Özgenc deyib.

"Şuşa şəhərinə gələrək işğal dövründə buradakı tarixi məkanlara qarşı göstərilən vəhşiliyi yerində görmək imkanı qazandıq. Burada Azərbaycan tarixinə aid qədim tikililəri məhv ediblər, həmçinin təxminən 28 il ərzində məscidlərə göstərilən münasibəti görmək mümkündür. Salamat qalan məkan demək olar ki, yoxdur, hər yerə zərər vurublar. Azərbaycan və Türkiyə üçün önəmli sənətçilərin yaşadıqları evləri tapmağa çalışırıq, lakin hamısı dağıdılıb, yandırılıb. Burada qədim binalar, məscidlər var idi, indi biz ancaq onlardan geriyə qalan dağıntıları görürük. Prezident İlham Əliyevin də dediyi kimi, bu məkanlar yenidən təmir ediləcək, əvvəlki görünüşünə qaytarılacaq. Həmin tarixi əsərlər də bərpa olunacaq", - deyə Tolqa Özgenc əlavə edib.

AZƏRTAC