Ceyhun Bayramov: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün geniş imkanlar yaranıb
MÜSAHİBƏLƏR

Ceyhun Bayramov: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün geniş imkanlar yaranıb

Qarabağda yenidənqurma və bərpa işlərində ən böyük çağırış mina təhlükəsizliyidir. Bizim üçün dost olan Polşa şirkətlərinin bu sahədə iştirakı çox arzuediləndir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Yeni dönəmdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün geniş imkanların yarandığını deyən nazir qeyd edib: "Bu imkanlar arasında ən vacib istiqamət kimi üçtərəfli Bəyanatın şərtlərindən biri olan kommunikasiyaların bərpası üçün işçi qrupun yaradılmasını qeyd edə bilərik. Biz bir il bundan əvvəl Azərbaycan Prezidenti tərəfindən ən yüksək səviyyədə elan edilmiş Ermənistanla sülh müqaviləsi üzərində işləmək çağırışı barədə danışdıq. Qeyd etməliyəm ki, bir ilə yaxın müddət ərzində Ermənistan tərəfindən həmin çağırışa heç bir qarşılıq verilməyib".

Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir

Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri arasında yeganə ölkədir ki, Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sazişə malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş qarşılıqlı faydalı və bərabərhüquqlu formatda işlənib hazırlanır. Sazişin çox yaxın zamanda tamamlanması gözlənilir.

AZƏRTAC