Xalqımız ekofəalları dəstəkləyir
MÜSAHİBƏLƏR

Xalqımız ekofəalları dəstəkləyir

Laçın yolunda eko-fəalların ayın 12-dən başladıqları aksiya bu gün də davam edir. "Ekoloji terrora son" şüarı altında keçirilən aksiyada əsas tələb Azərbaycan ərazisində qızıl yataqlarının qeyri-qanuni istismarının dayandırılması və bu yataqlarda monitorinqin aparılmasıdır. Aksiya iştirakçıları birmənalı şəkildə bu tələblərin yerinə yetirilməsinə qədər aksiyanı davam etdirməyə qərarlıdırlar.

Ermənilər tərəfindən qızıl yataqlarının istismar olunmasının qarşısı alınmalıdır. Ərazimizdə həyata keçirilən qanunsuz hərəkətlərdə Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Ermənilərin torpaqlarımızda apardıqları ekoloji terror, qanunsuz hərəkətlər onların gözü qarşısında baş verir. Belə çıxır ki, ya onlar Laçın yolunda vəziyyətə nəzarət edə bilmir, ya da bütün bunlar onların razılığı ilə baş verir. Qarabağa qeyri-qanuni yükdaşımalarına son qoyulmalı, sülhməramlı qüvvələr də bu kimi qanunsuz fəaliyyətlərin qarşısını ciddi şəkildə almalıdırlar. Əks təqdirdə, Azərbaycan özü belə halların qarşısını almaq üçün adekvat addımlar atmağa məcbur olacaq.

Bir neçə gündür ki, Laçın yolunda ermənilərin torpaqlarımızda apardıqları ekoloji terrora qarşı ekofəalların aksiyası davam edir. Aksiya iştirakçıları bir neçə gecədir yatmır, ərazidə əlavə çadırlar qurulur, dəstək üçün QHT təmsilçiləri bölgəyə yollanırlar.

Azərbaycan ekofəallarının atdığı addımlar mütləq şəkildə öz nəticəsini verəcək. Həm Ermənistan tərəfi, həm sülhməramlı missiya bilməlidir ki, Azərbaycan cəmiyyətinin mövqeyi prinsipial və qətiyyətlidir. Biz məqsədimizə çatmaq üçün bütün addımları atacağıq. Yəni, erməni qeyri-qanuni silahlı qüvvələrinin Qarabağdan çıxarılması əvvəldən müzakirə olunan məsələ idi və 10 noyabr razılaşması ilə tənzimlənirdi. Amma İkinci Qarabağ müharibəsindən iki il keçməsinə baxmayaraq, Ermənistan bu məsələyə dirəniş göstərirdi. Lakin Ermənistan anlamalıdır ki, onların bir yolu var, o da Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır. Əgər Ermənistan təxribatlara davam edərsə, 10 noyabr Bəyanatından irəli gələn müddəaları yerinə yetirməzsə, dövlətimiz daha sərt, daha radikal addımlar ata bilər. Azərbaycan sərt, qətiyyətli qərar qəbul etdikdən sonra artıq Ermənistan tərəfi müəyyən bəyanatlar verir. Amma bu, bizə yetərli deyil. Ermənistan Azərbaycanın bütün tələblərini, şərtlərini yerinə yetirməlidir.

Ceyhun MƏMMƏDOV,

 millət vəkili.