Azərbaycanın hərb tarixinə şərəflə yazılan və işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradan 44 gün davam edən Vətən müharibəsində yüzlərlə soydaşımız şücaət və igidlik nümayiş etdirib. Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəltdilər. Bizim Qarabağı azad edən oğullarla fəxr etməyə haqqımız var. Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir. Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Əmirli Tofiq Şəmsəddin oğlunun ildönümü münasibətilə ailə üzvləri ziyarət edildi. Sonra Vətən müharibəsi şəhidinin Göytəpə şəhərində ev muzeyinin açılışı oldu. Açılışda RİH-in başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, yaxın qohumları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları muzeydə Tofiq Əmirlinin həyat və döyüş yoluna işıqsaçan fotolar və fəaliyyəti ilə bağlı müxtəlif məlumatlarla tanış oldular. Ev muzeyinin açılışında igid döyüşçünün Vətən müharibəsində qəhrəmanlığından, Cəlilabadın müharibə iştirakçılarının düşmənə qarşı savaşda göstərdikləri igidliklərdən söz açıldı.
Tofiq Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. Çevik Hərəkat Dəstəsinin giziri olan Tofiq Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı qəhrəmanlıq göstərərək şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Əmirli Tofiq Şəmsəddin oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Ərəstun ABDULOV,
“Respublika”.