Sizi kim unudar...
Region

Sizi kim unudar...

İstedadlı qələm sahibi İlqar Rüstəmov Lerik rayonunda ziyalı ailəsində dünyaya göz açıb. İmzası respublika oxucularına yaxşı tanışdır. Uzun illərdir ki, mətbuat sahəsində çalışır.

"Çevrilişdən çevrilişə", "Heydər Əliyev xatirələr işığında" kitablarının, yüzlərlə siyasi, publisistik məqalənin müəllifidir. Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalına və "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Bir sıra media mükafatlarının laureatıdır. "Sizi kim unudar..." adlı yeni kitabı Lerik şəhidlərinə həsr olunub.

Şəhər mədəniyyət mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinin direktoru, Jurnalistlər Birliyinin üzvü Hüsaməddin Abbasov müəllif və kitab haqqında ətraflı məlumat verib.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov mərasimdə çıxış edərək bildirib ki, kitab çağdaş tariximizə Qələbəni, Zəfəri qızıl hərflərlə yazan igid əsgər və zabitlərimizin qəhrəmanlıqlar dolu döyüş yoluna həsr olunub. Müəllif 12 igidin timsalında Vətən, torpaq uğrunda son damla qanına qədər vuruşan, qəhrəmancasına şəhadətə yetişən bütün şəhidlərimizə möhtəşəm bir söz abidəsi ucaldıb. Dəyərli toplunun gənclərin Vətənə məhəbbət və hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağı əminliklə qeyd edilib.

Sonra müəllif İlqar Rüstəmov tədbirin təşkilatçılarına minnətdarlıq edərək bildirib ki, bu kitab xalqımızın qanına susamış erməni faşizminin qorxulu və amansız dramına son qoymuş şəhid qəhrəmanlarımızın gələcək nəsilləri Vətən sevgisinə aparan yola işıq salacaq həyat hekayələridir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".