TEXNİKALAR SAZ VƏZİYYƏTƏ GƏTİRİLİB
Region

TEXNİKALAR SAZ VƏZİYYƏTƏ GƏTİRİLİB

İşğaldan azad olunmuş Cəbrayıl respublikada ənənəvi taxılçılıq rayonlarındandır. Rayonda bu ilin məhsulu üçün ötən ilin payızında 18 min hektar sahədə taxıl əkinləri həyata keçirilib. Sahələrdə becərmə işləri aqrotexniki tələblərə uyğun aparılıb. Taxıl zəmilərinin indiki vəziyyəti sahələrdən bol məhsul əldə olunacağından xəbər verir.

Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, rayonda taxıl biçininə hazırlıq işləri qısa müddət ərzində aparılıb. Taxıl biçini üçün 7 kombayn hazır vəziyyətə gətirilib. Onlardan biri "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə, digərləri isə şəxsi mülkiyyətə məxsusdur. Biçin müddətində tarlalara əlavə kombaynların gətirilməsi gözlənilir. Bundan başqa, taxıl biçinlərinə cəlb ediləcək taxıldaşıyan avtomaşınlar və qoşqulu traktorlara, presvuran aqreqatlara baxış keçirilib, texnikaların saz vəziyyətdə olması yoxlanılıb, torpaq mülkiyyətçiləri və mexanizatorlarla maarifləndirmə işləri aparılıb, ehtiyat hissə və yanacaq tədarükü görülüb. Texnikaların daim saz vəziyyətdə olması üçün səyyar təmir briqadası yaradılıb.

Rayon DAİM-dən verilən məlumatda o da bildirilir ki, biçin zamanı baş verə biləcək yanğın təhlükəsizliyinin təmin edilməsi, hazır məhsulun təmizlənməsi üçün xırman yerlərinin hazırlanması, sahə kənarlarındakı yolların hamarlanması və zəruri olan digər tədbirlər həyata keçirilib, taxıl biçininə hazırlıq işləri yekunlaşdırılıb.

Tofiq HÜSEYN,

"Respublika".