Tərtər: inkişaf, bərpa, quruculuq
Region

Tərtər: inkişaf, bərpa, quruculuq

Oktyabr ayının 3-də Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri bir sıra mühüm hadisələrlə yaddaşlarda qaldı. Dövlət başçımız Tərtərin strateji əhəmiyyətli Suqovuşan qəsəbəsində və Talış kəndində üçrəngli Azərbaycan bayrağını ucaltdı. Eyni zamanda, Suqovuşan-1 və Suqovuşan-2 kiçik su elektrik stansiyalarının açılışında iştirak etdi. Prezident İlham Əliyev Tərtər şəhərində aparılan quruculuq-abadlıq işləri və Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində dağılmış evin əvəzində tikilən yeni evdə yaradılmış şəraitlə tanış olduqdan sonra Dövlət Rəmzləri Muzeyinin və yenidən qurulandan sonra istifadəyə verilmiş Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun açılışında iştirak etdi. Ölkə başçısı Tərtər Olimpiya Kompleksinin və Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən yolun açılışında da iştirak etdi.

44 gün davam edən Vətən müharibəsi zamanı mənfur düşmən igid Azərbaycan əsgərləri ilə döyüş meydanında bacarmadıqda dinc əhalini hədəf seçmiş, Tərtər döyüş bölgəsinə yaxın olduğundan bu rayona daha çox ziyan vurmuşdu.

Güclü iqtisadi imkanlara malik olan dövlətimiz qısa müddətdə dəyən bütün maddi zərərləri ödəməyə qadir olduğunu sübut etdi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2020-ci ildə Tərtər şəhərində Olimpiya İdman Kompleksi, Xalça İstehsalı Emalatxanası, Dövlət Rəmzləri Muzeyi, Su-kanal İdarəsinin inzibati binası, rayon icra hakimiyyətinin yeni inzibati binası tikilib istifadəyə verilmişdir. Hazırda 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbinin tikintisi davam etdirilir. Şıxarx qəsəbəsində 80 şagird yerlik modul tipli tam orta məktəb quraşdırılır.

2020-ci ildə Vətən müharibəsi zamanı erməni təcavüzkarları tərəfindən Tərtər rayonunun 40 yaşayış məntəqəsinin atəşə tutulması ilə əlaqədar rayona ezam olunmuş işçi qrupu tərəfindən 7050 yaşayış və qeyri-yaşayış obyektinə baxış keçirilmiş, 16 ümumtəhsil məktəbinə, 1 texniki peşə məktəbinə, 12 uşaq bağçasına, 30 inzibati binaya, 7 mədəniyyət obyektinə, 184 sahibkarlıq obyektinə, 301 qeyri-yaşayış sahəsinə, 10 tibb müəssisəsinə, 5519 yaşayış evinə ziyan dəydiyi müəyyənləşmişdir. Yaşayış evlərindən 57 ev tamamilə dağıldığı üçün qəzalı kateqoriyasına, 5462 ev təmir-bərpa kateqoriyasına aid edilmişdir. Qəzalı kateqoriyasına aid edilmiş 57 evdən 35-i tikilib başa çatdırılmış, 22-də isə işlər davam etdirilir. Təmir-bərpa kateqoriyasına aid edilmiş evlərdən 4703-ü təmir-bərpa olunmuş, 759-da isə işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2020-ci il tarixli Sərəncamının 1.1 bəndinə uyğun olaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyana görə hər bir ailə üzvünə 1500 manat məbləğində, Sərəncamın 1.2 bəndinə uyğun olaraq digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası təmin olunmuşdur.

Suqovuşanın işğaldan azad olunması rayonda turizm potensialını artırmaqla yanaşı, illər uzunu suvarma suyu ilə bağlı problemi də tamamilə aradan qaldırmışdır. Cari ilin yanvar ayının 1-dən oktyabr ayının 1-dək təkcə Tərtər rayonuna Suqovuşan su anbarından 57710 min kubmetr su verilmişdir. 30 ilə yaxın bir müddətdə mənfur düşmən hər il suvarmaya ən çox ehtiyac duyulan dövrlərdə, iyun ayının əvvəlindən dekabr ayınadək anbardan su buraxmırdı. Artıq Tərtər rayonunda fiziki və hüquqi şəxslərə paylanmış 29130 hektar əkin sahəsinin 14996 hektarı Tərtərçay su mənbəyi hesabına, 13500 hektarı subartezian quyuları hesabına, 400 hektarı isə İncəçay su mənbəyi hesabına ödənilir.

Tərtər aqrar sahənin inkişaf etdiyi bölgələrimizdəndir. 44 günlük Vətən müharibəsi zamanı mənfur düşmənin aramsız atəşləri nəticəsində təsərrüfatlara da xeyli miqdarda ziyan dəymiş, həmin ziyan Tərtər DAİM-in mütəxəssisləri tərəfindən yoxlanılmış və dəymiş ziyana görə 601 nəfər fermerə respublika Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq kompensasiya ödənilmişdir. Rayonda taxılçılığın inkişafı da diqqət mərkəzindədir. 2021-ci ildə 8800 hektar taxıl sahəsindən 35968,3 ton məhsul əldə olunmuş, beləliklə, orta məhsuldarlıq hər hektardan 40,9 sentner təşkil etmişdir. Habelə, qarğıdalı, şəkər çuğunduru və başqa bitkilər becərilmişdir. Məlumdur ki, Tərtər gəlirli sahə olan pambıqçılığın inkişaf etdirilməsində ön sıralarda gedir. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev rayona səfəri zamanı Tərtər rayonunda pambıqçılıqda məhsuldarlığın artan tendensiya ilə davam etməsini təqdir etmişdir. 2020-ci ildə rayonda 2981 hektar sahədən 113,57 ton “ağ qızıl” toplanmışdır. Məhsuldarlıq hər hektardan 38,1 sentner olmuşdur. Baxmayaraq ki, ötən il digər sahələrlə yanaşı, pambıq tarlaları və emal, yığım müəssisələri də düşmənin atəşinə məruz qalmışdı. Cari ildə 3439,97 hektar sahədə pambıq əkilib və yüksək aqrotexniki qulluq göstərilib. Havaların əlverişli keçdiyi zaman texnikalarla kütləvi pambıq yığımına start veriləcəkdir. Mütəxəssislər yüksək məhsuldarlığın olacağını proqnozlaşdırır.

Tərtərdə ölkəmiz üçün ənənəvi sahələrdən sayılan baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir. 2021-ci ilin 1-ci yemləmə dövründə 138 kümçüyə 350 qutu baramaqurdu toxumu paylanmış, 13186 kiloqram məhsul əldə olunmuşdur. 2-ci yemləmə dövründə 50 qutu ipəkqurdu paylanmış, məhsuldarlıq 325,2 kiloqram olmuşdur. Məhsulun tədarük müəssisələrinə verilməsi prosesi davam edir.

Vətən müharibəsi zamanı mənfur düşmən təhsil müəssisələrini atəşə tutmaqdan da çəkinməmişdir. Təəssüf hissi ilə bildirmək lazımdır ki, Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi İsmayılov Orxan Rəhbər oğlu oktyabr ayının 24-də şəhid olmuş, Seydimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi yaralanmış, Qapanlı kənd tam orta məktəbinin direktoru kontuziya almışdır.

44 gün ərzində bombardmanlara, amansız atəşlərə, təcavüzə məruz qalan, dağılmaq həddinə çatan qəhrəman, yenilməz Tərtər qüdrətli Azərbaycan dövləti sayəsində yenidən dirçəlir, daha da inkişaf edir, Qarabağın ən dilbər guşələrindən birinə çevrilir. Məğrur tərtərlilər bu inkişafa, quruculuğa görə cənab Prezidentimizə minnətdardırlar.

Vəli VƏLİYEV,

"Respublika".