QƏRBİ AZƏRBAYCANA DÖNÜŞ DAHA BİR MÜJDƏMİZ OLACAQ
Region

QƏRBİ AZƏRBAYCANA DÖNÜŞ DAHA BİR MÜJDƏMİZ OLACAQ

Otuz ilə yaxın göz yaşları gündüzlər ürəklərinə, gecələr üzlərinə axan, torpaqları erməni vandallarının işğalında olan insanlar o torpaqlara dönmək həsrəti ilə yaşayırdılar. Nəhayət, o həsrətə, o göynərtilərə son qoyulub... Qarabağ torpaqlarına yeni nəfəs gəlib, bu yerlər doğma övladlarına qucaq açıb.

Qərbi Azərbaycandan ayrı düşmüş həmvətənlərimiz də öz tarixi torpaqlarına qovuşacaqları günü səbirsizliklə gözləyirlər. Onlardan biri ilə - vətən həsrəti ilə yaşayan, Oğuz yurdu, Qərbi Azərbaycanın dilbər guşələrindən olan Ağbaba mahalı ərazisində yerləşən Amasiya rayonunun Qaraçanta kəndində yaşamış, hazırda Daşkəsən rayonunda məskunlaşmış, əmək veteranı Əjdər Xıdırovla həmsöhbət olduq. O qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunan torpaqlarda indi quruculuq işləri geniş vüsət alıb. Bütün ölkə, o cümlədən öz doğma ocaqlarından didərgin düşənlər bu coşqunluğa, qaynarlığa, işgüzarlığa hamılıqla qoşulub. Bir sözlə, işğaldan azad olunan Qarabağ torpaqlarına başlanan Böyük Qayıdışın doğurduğu sevincin əks-sədası hər yandan eşidilir. Bütün dünya azərbaycanlıları bundan qürur duyur. Bu qayıdışı tam, qətiyyətlə gerçəkləşdirən dövlətimizin növbəti tarixi hədəfi Qərbi azərbaycanlıların pozulmuş hüquqlarını bərpa edərək onları əzəli yurd-yuvalarına qaytarmaqdır.

1988-1989-cu illərdə Qərbi Azərbaycanda azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəblərə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq satılmır, onların işığı, telefonu, suyu, qazı kəsilir, həyat şəraiti dözülməz vəziyyətə salınırdı. Bu, əsl mənəvi, psixoloji terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Beləcə, azərbaycanlı kənd və məhəllələr ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti daha dözülməz idi. İnsanlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Bir həftə içində bütün azərbaycanlılar yaşayan kəndlər boşaldıldı, mal-mülkləri əllərindən alındı, insanlar qətlə yetirildi. Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında-qarında dağlara, meşələrə üz tutdular. Ölən öldü, donan dondu, ürəyi partlayanlar, ağlını itirənlər oldu… Bu, insanlığa sığmayan müsibət, faciə idi. Bu, tarix boyu qul olaraq yaşamış ermənilərin bütün insanlıqdan intiqam alması idi.

Əzəli torpaqlarımızın Azərbaycandan parça-parça qoparılaraq ilhaq edilməsi, həm də bu torpaqların əsl sahiblərinin müxtəlif vaxtlarda məcburi şəkildə torpaqlarından didərgin salınması xəritə və sənədlərdə öz əksini tapıb. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıb, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə, həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi onu deməyə əsas verir ki, dəfələrlə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar, bu bizim daha bir tarixi müjdəmiz olacaq.

Zabit XƏLİLOV,

"Respublika".