Cəsur döyüşçü unudulmur
Region

Cəsur döyüşçü unudulmur

Doğma Azərbaycana övladlıq borcunu şərəflə yerinə yetirən şəhidlərdən biri də Qəhrəman Həmzə oğlu İsmayılovdur. Birinci Qarabağ müharibəsində tarix yazan Qəhrəman İsmayılov Ağakişibəyli kəndində dünyaya göz açıb, 1994-cü il fevralın 1-də Füzuli bölgəsində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ömrünün 51 ilinə çatan Vətən sevdalısı milyonların ürəyində yaşamaqla, böyük ehtiramla xatırlanır. Doğum günü münasibətilə təhsil aldığı, indi isə qəhrəmanın adını daşıdığı Masallı rayon Şərəfə kənd orta məktəbində anım tədbiri keçirilib.

Şərəfə kənd tam orta məktəbi, folklor evi, eləcə də ərazi nümayəndəliyinin birgə təşkilatçılığı sayəsində baş tutan mərasimdə əvvəlcə kəndin mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Mərasim iştirakçıları cəsur döyüşçü Qəhrəman İsmayılovun şərəfli ömür yolundan, baş çavuş kimi başçılıq etdiyi taqımla birgə erməni işğalçılarına qarşı göstərdiyi fədakarlıqdan bəhs edərək bildiriblər ki, uşaqlıqdan doğma Azərbaycana, onun torpağına, daşına bağlı olan Qəhrəman İsmayılov 1991-ci ilin mayından Sovet ordusu sıralarına yola salınıb. Son dərəcə ağıllı, mərd gənc öz nümunəvi xidməti ilə Vətəndən uzaqlarda, müxtəlif millətlər arasında dərin nüfuz qazanıb. 1992-ci ilin fevralından milli ordumuzun tərkibində xidmət edib. Qısa müddətdə o, döyüş bacarığı, qəhrəmanlığı ilə erməni dığalarının kabusuna çevrilib. Dəfələrlə qaynar bölgələrdə düşmən hücumunun qarşısının alınmasında rəşadət göstərib. 1994-cü il fevralın 1-də Füzulidə gedən qanlı döyüşlərdə son nəfəsində də qisas alaraq əbədiyyətə qovuşub.

Tədbir məktəblilərin ifasında vətənpərvərlik mövzusunda səslənən şeirlərlə sona çatıb.

Z.ORUCOĞLU.