TƏLƏBƏ İDMANÇI AZƏRBAYCANA 11-ci QIZIL MEDALI QAZANDIRIB
İdman

TƏLƏBƏ İDMANÇI AZƏRBAYCANA 11-ci QIZIL MEDALI QAZANDIRIB

Vəli İsrafilov Rusiya Federasiyasının Tumen vilayətində anadan olub. Dörd yaşında ikən ailəsi ilə birlikdə ata-baba yurdu - Masallı rayonunun Köhnə Alvadı kəndinə köçüblər. Masallı şəhərindəki “Dəfinə” məktəb-liseydə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elektrotexnika və energetika faklütəsinin ikinci kurs tələbəsidir.

Vəli uşaqlıqdan idmanın üzgüçülük növü ilə məşğul olmağa başlayıb. On yaşında Bakı şəhərində keçirilən respublika yarışlarının qalibi olub, gələcəyin perspektivli idmançısı kimi məşqçilərin diqqətini cəlb edib. O, 12 yaşında idman ustalığına namizəd normasını yerinə yetirərək milli komandanın tərkibinə daxil edilib. Yaşının azlığına baxmayaraq Serbiya, Slovakiya, Macarıstan, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq yarışlarda dəfələrlə Azərbaycanın üçrəngli bayrağını zirvələrə  qaldırıb.

Vəli  İsrafilov 2016-ci ildə IV İslam Həmrəylik Oyunlarına lisenziya qazanaraq  ən kiçik yaşlı idmançı kimi yarışlarda iştirak edib, yarımfinala yüksəlib. Sonda 11-ci yerdə qərarlaşıb.

İlləri uğurla, qələbələrlə yola salan Vəli 15 yaşında “İdman ustası” adını qazanıb. Yeniyetmə idmançı Milli Olimpiya və Milli Paralimpiya  komandalarına üzv qəbul edilib. İki il əvvəl Londonda keçirilən üzgüçülük üzrə dünya çempionatında III yerə layiq görülüb. Portuqaliyanın Madeyra şəhərində böyüklər arasında keçirilən Avropa çempionatında 100 metr məsafəyə brass növündə üzmə yarışında 1:04.80 nəticə göstərərək qızıl medal qazanıb.

19 yaşlı tələbə idmançı Tokio Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzmədə 1 dəqiqə 04.86 saniyə nəticə ilə qalib gələrək ölkəmizə 11-ci qızıl medalı qazandırıb. Azərbaycan Milli Paralimpiya Komitəsinin bildirdiyinə görə, Vəli İsrafilov həm də Paralimpiya rekordunu qırıb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.