İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Yeniyetmə güləşçilərimiz Türkiyədən 23 medalla qayıdırlar

Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında "Victory cup" turnirinə yekun vurulub.

Ənənəvi yarışın sonuncu günündə yığma üzvləri 11 medal qazanıblar. Bunlardan 5-i qızıl, 3-ü gümüş və 3-ü bürünc medal olub.

Yunan-Roma güləşində turniri 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vuran yığmamız komanda hesabında birinci yerə layiq görülüb. Sərbəst güləşdə isə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edən millimiz komanda hesabında üçüncü olub.

Qadın güləşində 1 qızıl, 1 gümüş və 2 bürünc medalla yığmamız komanda hesabında üçüncü yeri tutub.

Beləliklə, 3 gün davam edən turnirdə güləşçilərimiz ümumilikdə 23 (7 qızıl, 7 gümüş, 9 bürünc) medal qazanıblar.

 

Üzgüçülük üzrə Bakı şəhər birinciliyinin qalibləri məlum olub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə Bakı şəhər çempionatı keçirilib.

Çempionatda 101 idmançı iştirak edib.

Nəticələrə görə, 50 metr məsafəyə arxası üstə üsulla üzgüçülük yarışında Vlastilina Xasyanova (Şüa), Elyar Cahangirbəyov (Sərhədçi), 50 metr məsafəyə sərbəst üsulla Vlastilina Xasyanova (Şüa), Elyar Cahangirbəyov (Sərhədçi), 100 metr məsafəyə brass üsulla Zəhra Əliyeva (Şüa), Murad Habilzadə (Badam İdman Klubu), 100 metr məsafəyə batterflay üsulla Valeriya Vaskovskaya (Təhsil), Onurxan Şahinoğlu (Badam İK), 100 metr məsafəyə sərbəst üsulla Vlastilina Xasyanova (Şüa), Elyar Cahangirbəyov (Sərhədçi) birinci yerlərə layiq görülüblər.

İki yüz metr məsafəyə arxası üstə üsulla üzmək yarışında isə Vlastilina Xasyanova (Şüa), Elyar Cahangirbəyov (Sərhədçi), 200 metr məsafəyə sərbəst üsulla Vlastilina Xasyanova (Şüa), Oqtay Hüseynov (Şüa), 50 metr məsafəyə batterflay üsulla Dana Şandıbina (PK), Onurxan Şahinoğlu (Badam İK), 50 metr məsafəyə brass üsulla Anastasiya Boborıkina (Şüa), Murad Habilzadə (Badam İK), 100 metr məsafəyə arxası üstə Vlastilina Xasyanova (Şüa), Hüseyn Şamilov (Şüa), 200 metr məsafəyə qarışıq üsulla Vlastilina Xasyanova (Şüa), Oqtay Hüseynov (Şüa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Millimizin qol güləşi üzrə XXXI  Avropa çempionatında uğurları

Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qol güləşi üzrə XXXI Avropa çempionatında tarixi uğura imza atıb.

Yığma komandamız yarışda 12 medal qazanıb. Belə ki, yığmamızın üzvlərindən İbrahim Cəlilov, İsmayıl Mustafayev, Rəşad Quluzadə, Tərxan Müzəffərov və Orxan İsayev həm sol, həm də sağ qolda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Daha bir idmançımız Əhməd Mahmudov isə hər iki qolda finaladək yüksələrək iki gümüş medal əldə edib.

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət qol güləşi üzrə milli komandası 10 qızıl və 2 gümüş olmaqla, ümumilikdə 12 medal qazanaraq XXXI Avropa çempionatında 25 ölkə arasında birinci yerə layiq görülüb.

 

Şahmatçımız Daşkənddə Aqzamov memorialı yarışında 3-8-ci yerləri bölüşüb

Daşkənddə 15-ci dəfə keçirilən Aqzamov memorialı yarışı başa çatıb.

Yarışın güclü A turnirində mübarizə aparan təmsilçimiz Vüqar Əsədli 10 turda yeddi xal toplayaraq 3-8-ci yerləri bölüşüb. O, bu nəticə ilə liderdən cəmi 0,5 xal geri qalıb. Digər şahmatçılarımız Misrətdin İsgəndərov, Vüqar Manafov 6, Məhəmməd Muradlı, Şahin Vəliyev 5 xal toplayıblar.

On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilib.

Turnirdə 66 şahmatçı iştirak edib ki, onlardan 16-sı qrosmeyster olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".