Tarlalarda məhsul boldur, yığım davam edir
İQTİSADİYYAT

Tarlalarda məhsul boldur, yığım davam edir

“Ağ qızıl – 2021”

Bu ilin yazında Azərbaycanda təxminən 100 min hektarda çiyid əkilib. 20-yə yaxın inzibati rayonda əkilib-becərilən pambıqçılıqda uzun illərdir ki, Saatlı liderlik edir. Bu il saatlılılar yenə də başqalarından fərqlənməyə, daha doğrusu, önə çıxmağa çalışıblar. 14,3 min hektar sahədə çiyid əkərək yaxşı məhsul yetişdiriblər. Ağcabədi (11 min hektar), Bərdə (10,7 min hektar), Sabirabad (9,3 min hektar) rayonları da pambıqçılığı genişləndirmək və inkişaf etdirmək istiqamətində səylə çalışıblar.

Hazıda pambıq yığımı barədə geniş ictimaiyyətə rəsmi məlumatlar hələ ki, açıqlanmadığından biz məhsul toplanması barədə konkret rəqəmləri səsləndirə bilmirik. Şübhə yoxdur ki, qarşıdakı günlərdə bu barədə rəsmi açıqlamalar veriləcək.

Amma bol məhsulun olacağı şübhə doğurmur. Çünki ötən il bunun üçün yaxşı bünövrə yaradılıb. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə qeyd edib ki, kənd təsərrüfatında müsbət dinamika davam edib. Bu sahə üzrə 2 faiz artım var.

Ötən il pandemiyaya baxmayaraq, aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub və məhsulların fasiləsiz istehsalı təmin olunub. Pambıq sahələrində yüksək nəticə əldə olunub. 100 min hektar pambıq sahəsindən 335 min ton məhsul istehsal olunub. Pambıq üzrə məhsuldarlıq əvvəlki ilə müqayisədə 4 sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil edib.

Yeri gəlmişkən qeyd edək ki, ötən ilin yanvarından etibarən fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən həyata keçirilib. Müşavirədə qeyd olunub ki, bu günədək elektron kənd təsərrüfatı sistemində 546 mindən çox fermer qeydiyyatdan keçib. Kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək üçün Aqrar Kredit və İnkişaf Agentliyi 100-dən artıq özəl şirkət vasitəsilə 3 min nəfər fermerə 7260 kənd təsərrüfatı texnikasının satışını maliyyələşdirib.

Müşavirədə dövlət başçısına məlumat verilib ki, işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı işlərə başlanıb. Kənd Təsərrüfatı Nazirliyi “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqların və çoxillik əkmələrin peyk təsvirləri əsasında xəritələnməsi həyata keçirib. Hazırda həmin torpaqlarda əkinlərin aparılması, o cümlədən çoxillik əkmələrə qulluq tədbirlərin göstərilməsi məqsədilə ilkin işlərə başlanıb.

Yeri gəlmişkən qeyd edək ki, aidiyyəti dövlət qurumları bu ilin məhsul yığımına hazırlığa hələ yay dövründən diqqət ayırmağa başlayıblar. Məsələn, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə bu ilin iyul ayında keçirilib. Müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, bu sahəyə məsul mərkəzi və yerli qurumların nümayəndələri, pambıq şirkətlərinin rəhbərləri, Fermerlər Assosiasiyasının, Azərbaycan Pambıqçılar Assosiasiyasının təmsilçiləri və fermerlər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Kənd təsərrüfatının bütün sahələri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib.

Bildirilib ki, bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini aparılıb. Çiyid səpini aparılmış bütün sahələrdə yaxşı çıxış alınıb, hazırda rayonlarda pambıq sahələrinin becərilməsi işləri davam etdirilir.

Tədbirdə pambıqçılığın inkişaf perspektivləri, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

İndi isə gözlənilən məqam gəlib. Tarlalarımızda məhsul boldur, yığım sürətlə və keyfiyyətlə davam edir.

Nəriman CAVADOV,

“Respublika”.