Yanacaq-energetika sistemində ixrac şaxələndirilir
İQTİSADİYYAT

Yanacaq-energetika sistemində ixrac şaxələndirilir

"...Biz Bakıdan İtaliyaya vahid boru kəməri sistemini qurmaq təşəbbüsünü irəli sürdük. O, mərhələli şəkildə icra olundu və onun yekun mərhələsi iki ildən çoxdur yekunlaşıb. Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Əlbəttə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək…". Bu sözləri Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibəsində deyib.

Bu gün Azərbaycan yanacaq-energetika sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Avropanın enerji bazarında öz ağırlığı ilə seçilən ölkəmiz Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçən layihələr hesabına Avropada etibarlı tərəfdaş kimi tanınır.

İki il öncə istifadəyə verilən Cənub Qaz Dəhlizi yeni dünya düzəninin tələblərinə tam olaraq cavab verir. Bu qaz xətti vasitəsilə Azərbaycan yeni strateji tərəfdaşlar qazanır, dünya ölkələri içərisində xüsusi çəkiyə malik olur. Bu layihənin icrası həqiqətən də böyük nailiyyətdir. Rusiya-Ukrayna müharibəsindən sonra milli təhlükəsizlik məsələsinə çevrilən enerji amili indiki dövrdə aktualdır. Elə bu baxımdan, Azərbaycandan enerji nəql etmək istəyən ölkələrin sayı hər ötən gün artmaqdadır və bu ilin sonuna kimi daha iki ölkəyə qaz ixrac edilməsi planlaşdırılır.

2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalandı. Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları Sazişə əsasən ölkəmiz ixrac etdiyi təbii qazın həcminin iki dəfəyədək artırılmasını nəzərdə tutur.

Artıq Azərbaycan 2020-ci ildən inşa edilən boru kəmərinin genişləndirilməsi üzərində işləyir. Səbəbi isə odur ki, Avropada buna tələbat var. Cənub Qaz Dəhlizinin seqmentlərindən olan TAP (Trans-Adriatik Boru Kəməri) və TANAP (Trans-Anadolu Boru Kəməri) boru kəməri əvvəlki həcmindən iki dəfə artıq genişləndirilməlidir. Yəni TAP 10 milyard kubmetrə hesablanmışdısa, 20 milyard kubmetrə, TANAP isə 16 milyard kubmetrdən 32 milyard kubmetrə qaldırılmalıdır. Artıq ölkəmiz hər ötən ildən daha çox qaz istehsal və ixrac edir. Bu əsasla deyə bilərik ki, Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edirdisə, artıq keçən il bu rəqəm 22-yə qalxmışdır və bu il 24 olacaq.

Bir neçə il öncə ölkəmiz üçün yanacaq-energetika sahəsində əlamətdar hadisə baş vermişdir. Belə ki, 2020-ci il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən təməli qoyulan "Abşeron" yatağından ilkin qaz çıxarılmışdır. Bu yatağın əhəmiyyəti ondan ibarətdir ki, həmin günə qədər ölkəmizin ixracla bağlı əsas qaz resursu "Şahdəniz" qaz-kondensat yatağı idi. "Abşeron" qaz yatağının kəşf edilməsindən sonra iki böyük qaz-kondensat yatağımız olacaq. "Abşeron" qaz-kondensat yatağı böyük ehtiyatlara malikdir. Hətta Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu mövzuya toxunaraq bildirmişdi ki, bir quyudan "Şahdəniz" qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. İlkin hesablamalara görə "Abşeron" qaz-kondensat yatağında təqribən üç yüz milyard kubmetr təbii qaz var. Lakin bu, hələ ki, ilkin proqnozlardır, yataqda qaz rezervləri daha çox ola bilər. Beləliklə, bu yataqdan çıxarılan təbii qaz hesabına həm ixrac üçün ayrılan qazın həcmində artım baş verəcək, həm də enerji təhlükəsizliyimizin təminatçısına çevriləcək. Geoloqların verdiyi məlumatlardan bəlli olub ki, Azərbaycanın təsdiq edilmiş qaz yataqlarının həcmi 2,2 trilyon kubmetrdir. Bu, kommersiya əhəmiyyətli qaz ehtiyatıdır. "Abşeron" qaz yatağında isə qeyd olunduğu kimi, 300 milyard kubmetr qaz, 45 milyon ton kondensat ehtiyatı var. Əvvəllər ixrac zamanı "Şahdəniz" yatağından asılı qalmışdıqsa, bundan sonra ikinci böyük yataq işə salınıb. Hazırda "Abşeron"dan ilkin mərhələdə gündəlik olaraq 4 milyon kubmetr qaz çıxarılır. Tam gücü ilə işləyəndən sonra bu rəqəm 1,5 milyard kubmetr səviyyəsinə qalxacaq. Bu da qaz ixracında TANAP və TAP-ın genişləndirilməsində müstəsna əhəmiyyətə malik olacaq.

Beləliklə, bir zamanlar neft ölkəsi kimi tanınan Azərbaycan artıq qaz ixracatçısına çevrilib. Ölkəmizin dünyanın aparıcı qitəsinin enerji təhlükəsizliyini təmin etməsi bunu deməyə əsas verir. Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyası beynəlxalq müstəvidə də haqq səsimizin ucalmasında əsaslı rol oynayır.

Musa BAĞIRLI,

"Respublika".