Tarixçi alimin yeni monoqrafiyası
Tarix

Tarixçi alimin yeni monoqrafiyası

XIX-XX əsrlərdə ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımları törədib, deportasiyalar həyata keçirib, azərbaycanlı əhalinin tarixi-etnik torpaqlarından didərgin və qaçqın düşmələrinə nail olaraq tarixi Azərbaycan torpaqlarında ilk erməni dövlətinin yaradılmasına nail olublar. Məhz ermənilərin 1905-1906-cı illərdə törətdikləri qırğınlar nəticəsində indiki Ermənistan ərazisində ilk erməni anklavları yaranıb.

AZƏRTAC xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın bu günlərdə işıq üzü görən "Ermənilərin İrəvan quberniyasında və Zəngəzur qəzasında törətdikləri terror və qırğınlar. (1905-1906)" adlı monoqrafiyası (Bakı, "Elm və təhsil", 400 səh.) XX əsrin əvvəllərində həmin regionda baş verən qanlı hadisələri xronoloji ardıcıllıqla işıqlandırır. Zəngin arxiv sənədləri, dövri mətbuat materialları və ayrı-ayrı tədqiqatçıların əsərlərinə istinadən yazılmış monoqrafiya bu mövzuya həsr edilmiş ilk tədqiqat əsəridir. Müəllifin erməni dilini bilməsi erməni mənbələrindən və erməni müəlliflərinin əsərlərini elmi-tədqiqat dövriyyəsinə cəlb etməyə imkan yaratmışdır. Xüsusən, azərbaycanlı yaşayış məntəqələrində kütləvi qırğınlar törədən ermənilərin hərəkətlərini barbarlıq və mühakimə olunası əməl kimi xarakterizə edən erməni müəllifi A-Donun (əsl adı Hovanes Ter-Martirosyan) 1907-ci ildə İrəvanda ermənicə çap edilən "Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla" əsəri ilk dəfə tədqiqatçı tərəfindən tədqiq edilib.

Müəllif yazır ki, 1905-1906-cı illərdə Rusiyada baş vermiş iğtişaşlardan və Qafqaza canişin təyin edilən Voronsov-Daşkovun ermənipərəst mövqeyindən fürsət kimi istifadə edən ermənilər, Bakı, İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Erməni silahlı dəstələri bir tərəfdən İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində, digər tərəfdən Göyçə-Qazax-Tovuz-Gəncə istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini məhv etməklə, qovmaqla həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək erməni dövlətinin əsasını qoymaq istəyiblər.

Monoqrafiyadan alınan nəticə odur ki, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) kütləvi qırğınlar törədiblər. 1905-1906-cı illər qırğınları zamanı Cənubi Qafqazda 286 kənd viran edilib və 8 şəhər dağıntılara məruz qalıb. Hesablamalara görə, dağıdılan kənd və şəhərlərin təqribən 200-ü azərbaycanlı yaşayış məntəqələrinin payına düşür. Həmin illərdə Cənubi Qafqazda 1,3 milyon nəfər bir-birinə düşmən kəsilərək iki cəbhəyə bölünüb. 15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşüb. İnsan tələfatı 10 min nəfərdən artıq olub. Dağıntılara məruz qoyulan azərbaycanlı yaşayış məntəqələrinin bir qismi həmin vaxtdan etibarən xarabalığa çevrilib.

Müəllif yazır ki, indiki Ermənistan ərazisində 1905-1906-cı illərdə ermənilərin törətdikləri qırğınlar XIX-XX əsrlərdə azərbaycanlıların məruz qoyulduqları soyqırımları və deportasiyalar silsiləsinin bir həlqəsi və yeni torpaqlar əldə etmək istiqamətində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ilk mərhələsidir.

Monoqrafiyada sadalanan faktlar, aparılan ümumiləşdirmələr və gəlinən nəticələr tarixi ədalətin bərpa edilməsi istiqamətində dövlət siyasətinin müəyyənləşdirilməsi üçün də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan tarixinin qanlı-qadalı səhifələrindən olan 1905-1906-cı illər qırğınlarının səbəb və nəticələrinin öyrənilməsi, həmçinin milli özünüdərk prosesində mühüm əhəmiyyət kəsb edir. Nazim Mustafanın bu monoqrafiyası XIX əsrin sonu, XX əsrin əvvəllərində baş vermiş hadisələrin obyektiv işıqlandırılması ilə yanaşı, tarixin dərslərindən nəticə çıxarmaq üçün də ciddi əsaslar verir.

AZƏRTAC