VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

26 noyabr                       

  • Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bir sıra ölkələrin əvvəlki kimi, Qarabağ ilə bağlı sabitliyi pozmağa çalışdıqlarını bildirib.

27 noyabr

  • ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

ABŞ-dan Azərbaycana zəng: uğurlu xarici siyasətimiz qarşısında geriyə addım

Noyabrın 27-də Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Tərəflər regional vəziyyətlə bağlı məsələləri, eləcə də ikitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər. Danışıqlarda xüsusilə Ermənistan-Azərbaycan əlaqələrinin nizamlanması prosesinə toxunulub. Dövlət başçımız bildirib ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin sentyabrın 11-də Ermənistana təqdim etdiyi təklifləri Paşinyan hökuməti noyabrın 21-də cavablandırıb. Beləliklə, İrəvan mövqeyini sərgiləməkdə 70 gün gecikib. Bu isə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin təmaslarla bağlı yaydığı məlumatda o da bildirilib ki, İlham Əliyev ABŞ tərəfindən Azərbaycanla bağlı verilən son bəyanatları, eləcə də atılan qeyri-dost addımları xatırladıb. Prezident 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini vurğulayıb. Baş verənlərin Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurduğunu diqqətə çatdırıb. Bundan sonra A.Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev isə həmin təkliflə bir şərtlə razılaşıb ki, bu ziyarətdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi bunu qəbul edib.

Ağ Ev Azərbaycanla təzyiq dilində danışa bilməyəcəyini anladığı üçün geri addım atıb. Dövlət katibi Antoni Blinkenin İlham Əliyevə zəngi də Birləşmiş Ştatların Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini təsdiq edir. Vaşinqton son zəngi ilə bir növ Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirdi. Rəsmi Bakının da buna yanaşması adekvat olacaq. Əgər Azərbaycanın suverenliyinə hörmət nümayiş etdiriləcəksə, ölkənin daxili işlərinə qarışılmayacaqsa, şübhəsiz ki, ölkəmiz hər zaman əməkdaşlığa hazırdır.

  • Prezident İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.

28 noyabr

  • Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb.

Qarabağ Universitetinin yaradılması tarixi ədalətin bərpasıdır

Prezident İlham Əliyev noyabrın 28-də Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır.

Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlayıb, 1973-cü ildə isə müstəqil ali təhsil müəssisəsinə çevrilib və 1988-ci ilin ortalarına qədər fəaliyyət göstərib. 1991-ci ildə işğal altına düşən Xankəndi 2023-cü il 19 sentyabrda keçirilən 23 saatlıq lokal antiterror tədbirlərindən sonra azad olunub. Xankəndi Pedaqoji İnstitutunda o vaxtlar iki minə yaxın tələbə təhsil alıb. Təhsil ocağında 40-a yaxın azərbaycanlı müəllim işləyib.

Xankəndi Pedaqoji İnstitutu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ali məktəb kimi fəaliyyətini davam etdirib. Lakin bir müddət sonra erməni xisləti sözügedən təhsil ocağından da yan keçmir. Vardgez Safaryan adlı erməni tarixçinin elmi işində Şirvanı "böyük Ermənistan" ərazisi kimi göstərməsi azərbaycanlı müəllimlərin sərt reaksiyasına səbəb olur. Həmin elmi işin saxta olduğu sübuta yetirilir. Bunun əvəzini çıxmaq istəyən haylar 1985-ci ildə ali məktəbin tarix fakültəsinin Azərbaycan bölməsinə tələbə qəbulunun dayandırılmasına nail olurlar.

Ölkə başçısının Qarabağ Universitetinin yaradılması haqqında Sərəncamı ilə Qarabağda təhsil canlanacaq, ölkədə daha bir nüfuzlu təhsil ocağı fəaliyyət göstərəcək.

  • ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb.

29 noyabr

  • Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.
  • Prezident İlham Əliyev "Suqovuşan–Kəlbəcər (9 km)–Ağdərə–Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
  • Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

30 noyabr

  • Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
  • Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə arasında sərhəddə görüş keçiriblər.

Brüssel, Vaşinqton və ya Moskvaya getməkdənsə...

30 noyabrda Azərbaycan və Ermənistan arasında Qazax rayonu ilə sərhəd ərazidə delimitasiya üzrə dövlət komissiyasının görüşü baş tutdu. Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfdən isə həmkarı Mqer Qriqoryanın iştirak etdiyi görüşdə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiya məsələsinin müzakirəsi keçirilib. Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların, birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Bu, Komissiyanın sayca beşinci görüşüdür. İndiyə qədər keçirilən görüşlərin ikisi sərhəddə - Qazax istiqamətində, digərləri isə Moskvada və Brüsseldə baş tutub. ABŞ-ın və Avropa İttifaqının Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları təşkil etmək cəhdləri faktiki olaraq uğursuzdur. Bunun fonunda Bakı İrəvana birbaşa təmaslara keçməyi təklif edir. Bəli, Azərbaycan vasitəçilər formatını dəstəkləmir. Brüssel, Vaşinqton və ya Moskvaya getməkdənsə, birbaşa danışıqları sürətləndirmək lazımdır.

Hazırda Ermənistan və Azərbaycan hökumətlərinin qarşısında duran əsas məsələlərdən biri sərhəddə delimitasiya və demarkasiya işlərinin aparılmasıdır. Mübahisəli məqamlar çoxdur və həll yolu üçün iki ölkənin rəsmilərinin dialoqu vacibdir. Ermənistanın danışıqlar masasında sülh çağırışları etməsinin ardınca təxribat əməlləri törətməsi prosesi ləngitmişdir. Şübhəsiz, Ermənistan qədər bu işdə "vasitəçi"lərin də rolu var. Avropa Parlamentinin hüquqi dəstəyi, Fransanın silah yardımı, ABŞ Senatının qərəzli dinləmələri Ermənistana stimul verir. Proseslərin bu çətir altında cərəyan etməsi onu göstərir ki, 30 ilə yaxın münaqişəni donduran qüvvələr indi də sülh prosesinin reallaşmasına mane olurlar. Belə bir məqamda məsələnin regional və ya ikili zəmində həll olunması daha məqsədəuyğun hesab edilir.

  • Milli Məclis Avropa Parlamenti Komitəsinin Azərbaycanla bağlı qəbul etdiyi hesabatları pisləyib.
  • Bakı Konqres Mərkəzində "InMerge İnnovasiya Sammiti"nin birinci günü yekunlaşıb.

1 dekabr

  • Dubayda COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
  • Xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında çıxış edib.
  • Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərib.

2 dekabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb.
  • Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
  • UNESCO forumunda Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından danışılıb.

“Respublika”.