Sərhəd tanımayan Vətən sevgisi
Tarix

Sərhəd tanımayan Vətən sevgisi

XIX əsrdə Azərbaycan Gülüstan və Türkmənçay müqavilələri ilə Qacarlar və Rusiya imperiyası arasında bölüşdürüldü. Bundan sonra xalqımız yüz illər boyu bir-birindən ayrı qalmağa məcbur oldu. Nəhayət, həmvətənlərimiz 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərini sökərək uzun illər boyu davam edən qardaş həsrətinə son qoydu. Soydaşlarımız hər iki dövlətin ciddi təzyiqlərinə baxmayaraq, tikanlı məftilləri qırıb özlərini Arazın soyuq sularına ataraq qovuşdular. Bu hadisələr baş verən zaman İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Tədbir iştirakçıları hadisənin baş verdiyi günü - 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmasına qərar verdilər. Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi.

2001-ci il noyabrın 9-10-da isə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Tədbir dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi haqqında söylədiyi dərin məzmunlu sözlər hər bir azərbaycanlının yaddaşına ömürlük həkk olundu. Müdrik rəhbərin bu kəlamları milli qürur rəmzimizə çevrildi: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!".

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyaları bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxlayır. Prezident İlham Əliyevin illər öncə Həmrəylik Günü münasibətilə söylədiyi bu sözlər Azərbaycan dövlətinin sözügedən mövzuda necə qərarlı olduğunu bir daha sübut etdi: "Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivlər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və milli-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir".

Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Vətənləri ilə əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Son 3 ildir ki, dünya azərbaycanlıları bu günü xüsusi sevinc və həmrəylik içərisində keçirirlər. Çünki uzun illərdən sonra azərbaycanlılar öz ərazi bütövlüyünü bərpa edərək birliyini bütün dünyaya sübut etdi. İkinci Qarabağ müharibəsi dövründə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərlərinə düşən məsuliyyəti dərk edərək vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirdilər, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına çalışdılar. Bu gün də dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bir yumruq altında birləşib. Bu həmrəyliyin bizi yeni-yeni qələbələrə aparacağına isə şübhə yoxdur.

Jalə QASIMZADƏ,

"Respublika".