Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb
Türk dünyası

Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb

Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Şuranın Əsasnaməsi imzalanıb.

Sonra Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Birgə Bəyanatı qəbul edilib.

Bəyanatda bildirilib ki, müsəlman dini liderlər üzv dövlətlərdə sosial, dini və mənəvi mühitin və din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əməkdaşlığın və əlaqələndirilmənin möhkəmləndirilməsi, birgə layihələrin inkişaf etdirilməsinə çalışacaq, Türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və təşviq edilməsi üzrə müvafiq birgə layihələr hazırlayacaqlar. Onlar, həmçinin Türk-İslam əxlaqının təhrif edilməsinin, xurafatların, digər dini və etnik qruplara qarşı mərhəmət və ədalətli davranan türk xalqları və müsəlmanlar haqqında stereotiplərin və yanlış məlumatların yayılmasının qarşısını almağa çalışacaq, dini təhsilin və milli özünü dərk etmənin təkmilləşdirilməsi üçün birgə elmi və dini mərkəzlər yaratmaq, yetişməkdə olan nəslə əsl mənəvi dəyərləri ötürmək, tələbə, müəllim, ədəbiyyat və təcrübə mübadiləsinə, həmçinin dini təhsil müəssisələri arasında dini və elmi tədqiqatların inkişafına kömək edəcəklər.

Eyni zamanda, dini liderlər kütləvi informasiya vasitələri, televiziya və digər informasiya texnologiyaları vasitəsilə irqi, dini və etnik zorakılığa təhrik edən nifrətin qızışdırılmasına birgə müqaviməti təmin etmək, xüsusilə də bu sahədə gənclərin maarifləndirilməsi, habelə türk dünyasının dini, əxlaqi və humanitar dəyərləri, tolerantlıq ənənələri və multikulturalizmi də daxil olmaqla TDT prinsipləri əsasında terrorizm, ekstremizm, separatizm, ksenofobiya, antiislamizm və türkofobiya meyillərinin aradan qaldırılması üçün birgə səylər göstərəcəklər.

Həmçinin türk dövlətlərinin dini və mənəvi mühitinə xarici müdaxilə hallarının, xarici və zərərli təbliğatın, təkfirçilik ideologiyalarını daşıyan radikal cərəyanlar, dini və irqi dözümsüzlük və siyasi məqsədlər üçün dindən sui-istifadə daxil olmaqla, hər hansı ideoloji təxribatların qarşısının alınması üçün birgə səylər davam etdiriləcək.

Dini liderlər vurğulayıblar ki, müsəlmanlar və digər dinlərin nümayəndələri ilə birgəyaşayış mədəniyyətini inkişaf etdirəcək, qoruyacaq və gücləndirəcək, dini azadlıqların müdafiəsi sahəsində TDT-nin üzvü olan dövlətlərin dini etiqad azadlığı haqqında qanunvericiliyi və bu sahədə tətbiq olunan digər normativ hüquqi aktlar çərçivəsində əməkdaşlıq edəcəklər.

Bundan başqa, onlar türk dövlətlərində, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində zorakılıq, vandalizm və təbii fəlakət aktları nəticəsində zərər çəkmiş tarixi, dini və mədəni abidələrin bərpası üzrə birgə işlər görəcəklər. Şuranın üzvləri, eyni zamanda, dini ədəbiyyatın və tədqiqatların türk dillərinə tərcüməsi və onların qanunvericiliyə və milli adət-ənənələrə uyğun təbliğində əməkdaşlıq edəcək, müvafiq metodologiya və vasitələrin mübadiləsi və onların inkişafına yönəlmiş birgə təlim seminarları, İslam dininin elmi əsaslarının öyrənilməsi və türk dünyasının mədəni irsi ilə bağlı birgə konfranslar, simpoziumlar və digər tədbirlər təşkil edəcəklər.

Dini liderlər türk dünyasının dini, etnik və ənənəvi mahiyyətini təmsil edən bayramların və əlamətdar tarixlərin təbliğində fəal rol oynayacaq, onların, o cümlədən görkəmli din, elm, mədəniyyət xadimləri və mütəfəkkirlərin yubileylərinin birgə keçirilməsi ilə bağlı təkliflər verməyi də öz üzərilərinə götürüblər.

Eyni zamanda, ziyarət təşkilatları arasında təcrübə mübadiləsi üçün birgə iş aparılacaq, türk dövlətlərinin dini, mənəvi və mədəni irsinə aid təsdiqlənmiş nadir əlyazmaların nüsxələrinin mübadiləsini təşviq etmək, onların qorunması məqsədilə müxtəlif ölkələrin muzeylərinə birgə səfərlər təşkil olunacaq, beynəlxalq səviyyədə dini mərkəzlərlə əməkdaşlıq ediləcək, qaçqınlara, məcburi köçkünlərə, miqrantlara, müharibə və zorakılıq qurbanlarına, əlil veteranlara, uşaq evlərinə və cəzaçəkmə müəssisələrinə, təbii fəlakətlərin və ya digər fövqəladə halların qurbanı olan insanlara humanitar yardım göstəriləcək.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib: "Türk-İslam dünyasının qəhrəmanlıq qalası olan Şuşa türk coğrafiyasının mühüm hadisələrinin cərəyan etdiyi mərkəzə çevrilməkdədir. Bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə münasibətlərinin qardaşlıq və müttəfiqliyin zirvəsinə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının ağsaqqalı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə imzaladıqları Şuşa Bəyannaməsinin, heç şübhəsiz, mühüm tarixi əhəmiyyəti var".

Şuşanın hər bir azərbaycanlı üçün sözlə ifadə edilməyəcək qədər böyük dəyərinin olduğunu vurğulayan şeyxülislam bildirib: "Bu gün Şuşada Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsinin imzalanması, Birgə Bəyanatın qəbul edilməsi öz növbəsində Şuşanın adının tarixin salnaməsinə Türk-İslam birliyinin mənəvi vəhdətinin rəsmiləşdiyi məkan kimi daxil olması deməkdir. Biz, dini liderlər Birgə Bəyanatımızı Türk-İslam sivilizasiyasının qədim mərkəzlərindən biri olan, 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşada qəbul etməklə müqəddəs dinimizə, ortaq tarix, mədəniyyət və adət-ənənələrimizə olan dərin ehtiramımızı bir daha bütün dünyaya nümayiş etdirmiş olduq. Türk Dövlətləri Təşkilatının qəbul etdiyi, özəlliklə, dini-mənəvi sahəyə dair qərar və tövsiyələrin həyata keçirilməsində fəal rol oynamaq əzmimizi bəyan etmiş olduq. Allahı, Quranı, qibləsi bir olan, eyni dildə danışan qardaş xalqlarımızın dini-mənəvi müstəvidə birlik olması bizim ümumi, ortaq mənəviyyatımızın dünya çapında, beynəlxalq platformalarda yetkin, nüfuzlu qurum olaraq qəbul olunmağımızı təmin edəcək".

Qeyd edilib ki, bugünkü Şuşa görüşü əlamətdar hadisə - işğaldan azad olunmuş Zəngilanda aeroportun açılışı ilə eyni günə təsadüf edir. Füzuli aeroportunun ardınca Qarabağın daha bir hava limanının açılış mərasimində Azərbaycan Prezidenti ilə bərabər qardaşı - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həzrətlərinin iştirak etməsi bizlərə qürur bəxş edir. Yenidən qurulan yollar, abad kənd və şəhərlər, hava limanları Azərbaycanın və ümumən türk birliyimizin rifah və gələcəyinə xidmət edəcəkdir, İnşallah. İslam və türk dünyasının tolerantlıq və multikulturalizm ənənələrinə sadiq Azərbaycan dövlətinin məscidlərlə yanaşı, kilsə və məbədlərə himayə və qayğısı türk mentalitetinin yüksək mənəvi statusunu dünya çapında əyani təsdiq edir. Bu gün azad Qarabağda dini-mənəvi abidələrin bərpa və yenidən qurulması, məscidlərimizin nəfis şəkildə bərpa edilməsi sahəsində həyata keçirilən yüksək səviyyəli işlər möhtərəm Prezidentimizin qətiyyətli siyasi iradəsinin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəhmətlərinin nəticəsidir".

Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, Azərbaycan xalqı minlərlə şəhidimizin qanı ilə öz əzəli torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi. Məscidlərimizdən azan səsləri ucalır, ata-baba torpaqlarımızda qurub yaradır və göz bəbəyimiz kimi qoruyuruq. İşğal dövründə müharibə cinayətlərindən çəkinməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən, şəhər və kəndlərimizi məqsədyönlü şəkildə yer üzündən silən, torpaqları qəsdən yandırıb yararsız hala salan, su hövzələrimizi zəhərləyən, qəbiristanlıqları dağıdan, məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir. Erməni siyasi rəhbərliyi son sərhəd təxribatları ilə bağlı vurğuladı ki, vəziyyətə dini don geyindirmək cəhdləri qeyri-məqbuldur. Lakin həqiqət bundan ibarətdir ki, məhz erməni dini dairələri din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirməkdədirlər. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Uzun illər ərzində erməni siyasi liderlərinin cinayətkar əməllərinə mənəvi haqq qazandıran erməni kilsəsinin rəhbərliyinin Xankəndiyə səfərlər edərək revanşist bəyanatlar səsləndirməsi böyük təəssüf doğurur. Bir əlində İncil, bir əlində avtomat həyat deyil, ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır, erməni xalqına vəd etdikləri səadət əvəzinə yeni faciələr gətirməkdədir. Nə qədər gec deyil, erməni kilsəsi Uca Yaradan qarşısında üzərinə düşən mənəvi missiyasını yerinə yetirərək, öz xalqının taleyini, ermənilərin tarixi müqəddəratını düşünərək müdriklik nümayiş etdirməli, xalqını məhvə sürükləmək əvəzinə, onu xilas edəcək, ona nicat və tərəqqi gətirəcək ideyalar təlqin etməlidir. Buradan, azad Şuşadan erməni kilsəsinə, Eçmiədzinə səslənirəm - revanşizmə, nifrət və təxribatlara son qoyun. Uca Yaradan qarşısında mənəvi borcunuzdan çıxış edərək ölümə, yeni müsibət və faciələrə deyil, həyata çağırın! Yalan vədlər deyil, məhz həqiqətləri demək sizin erməni xalqı qarşısında ən böyük tarixi xidmətiniz olar.

Şeyxülislam bildirib ki, qalibiyyətli Vətən müharibəsi müstəqilliyimizin təntənəsinin təcəssümü oldu. "Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə, Ali Baş Komandanın dünya miqyasında apardığı fəal, inamlı, dərin zəka və dəmir məntiqə əsaslanan siyasət Azərbaycanın haqq işinin davamlı Qələbəsini təmin etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən azan səsləri ucaldı, müqəddəs məbədlərimiz əsarətdən qurtuldu. Azərbaycan Vətən müharibəsindəki Zəfərinin ikinci ildönümü ərəfəsindədir. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə həkk etmiş, Azərbaycanı dünya çapında qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırmış, Qarabağ Zəfərinin müəllifi olan Zati-aliləri İlham Əliyevi biz, dini liderlər Türk Dövlətləri Təşkilatının iki yüz milyon müsəlmanı adından böyük qürur hissi ilə bu gün Şuşadan təbrik edir, bütün türk dünyası adına qazanılmış Zəfərə görə dərin təşəkkürlərimizi birgə ifadə edirik. Zəfərimiz mübarək! Uca Allah Azərbaycan Prezidentini hər zaman müzəffər qərar versin, yeni zəfərlər nəsib etsin!", - deyə A.Paşazadə qeyd edib.

Diqqətə çatdırılıb ki, bu gün Şuşada İslam həmrəyliyi, türk həmrəyliyi bayramıdır: "Türk Dövlətləri Təşkilatı ölkələrinin müsəlman dini liderlərinin yekdil rəyi və xeyir-duaları ilə Şuranın gerçəkləşməsi Uca Allahın lütfü, böyük mənəvi uğurdur.

Sonra çıxış edən Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri 44 günlük Vətən müharibəsində qazanılan Zəfər münasibətilə dövlətimizin başçısı və xalqımızı təbrik edib, Şuşanın Azərbaycan və türk dünyası üçün əhəmiyyətini vurğulayıblar.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubunu oxuyub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

AZƏRTAC