Ölkələrarası münasibətlərdə yeni dövr
Türk dünyası

Ölkələrarası münasibətlərdə yeni dövr

1992-ci il avqustun 27-də Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr qurulub

Dünya dövlətləri və bir sıra beynəlxalq təşkilatlarla çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulması, transmilli layihələrin reallaşdırılması nəticəsində güclü dövlətə çevrilən  Azərbaycan  bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişafı istiqamətində mühüm uğurlara imza atıb. Demokratik tərəqqi yolunu seçmiş ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında müstəqil xarici siyasət həyata keçirir. Ölkələrin daxili işlərinə müdaxilə etmədən yürüdülən bu siyasət Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişaf etdirilməsinə və milli mənafelərin qorunmasına xidmət edir. Uzaqgörən, gələcəyə hədəflənmiş uğurlu siyasət yürüdən dövlətimiz türk birliyinə, bərabərhüquqlu və konstruktiv əməkdaşlığa, yeni geosiyasi reallıqlar zəminində əlaqələrin daha da dərinləşməsinə mühüm töhfələr verir.

Eyni soykökə, dilə, zəngin ənənələrə malik olan Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qədim tarixə söykənir. Sovetlər birliyinin tərkibində olduğu vaxtlarda belə iqtisadi və mədəni əməkdaşlıq həyata keçirən ölkələr müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətləri inkişaf etdirmiş, dostluq əlaqələrini möhkəmləndirmişlər. Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. 1993-cü il yanvar ayının 9-da Qazaxıstanın Azərbaycanda, 2004-cü il martın 1-də isə Azərbaycanın Qazaxıstanda səfirliyi açılmış, 6 sentyabr 2008-ci il tarixində Aktau  şəhərində baş konsulluğumuz fəaliyyətə başlamışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dostluq, qardaşlıq münasibətləri bu gün də yüksələn xətlə inkişaf etdirilir. "İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq, səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - deyən ölkə başçımız xarici siyasətində Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malik olan iki ölkə arasında qırılmaz tellərlə bağlı səmimi dostluq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. 2006-cı ildə imzalanan "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" müqavilə bunu bir daha təsdiq edir. Ötən il Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri çərçivəsində regional təhlükəsizliyə, ikitərəfli münasibətlərin inkişafına dair imzalanan sənədlər əlaqələrin daha da dərinləşməsinə, münasibətlərin daha geniş hüquqi bazasının yaradılmasına yönəldilmişdir.

"Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında" Bəyannamə iki qardaş ölkənin təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiq olduqlarının göstəricisidir. Gələcək birgə fəaliyyətin yol xəritəsi olan Bəyannamə hərtərəfli əməkdaşlığı ehtiva etməklə yanaşı, beynəlxalq arenada, o cümlədən Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişaf yollarını müəyyənləşdirir. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan ilə Qazaxıstanı birləşdirən Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir.

İstər iqtisadi, istərsə də humanitar sahələrdə konkret nəticələrə nail olmaq məqsədilə səyləri artıran Azərbaycan və Qazaxıstan liderlərinin səmimi dostluq münasibətləri ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, dili bir, dini bir olan xalqların həmrəyliyinə geniş imkanlar açır. Qazaxıstan Prezidenti tərəfindən ölkə başçımız İlham Əliyevin Qazaxıstanın ali ordeni - "Qızıl qartal" kimi tərcümə edilən "Altın kıran" ordeni ilə təltif edilməsi dostluğun, qardaşlığın bariz nümunəsidir. Bununla yanaşı, Kasım-Jomart Tokayevin şəxsi təşəbbüsü ilə Qazaxıstan Respublikası tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması iki türk dövlətinin sarsılmaz birliyini, lazımi anda bir-birinə dəstək göstərməyə hazır olduqlarını ehtiva edir.

Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq edən Azərbaycan ilə Qazaxıstan arasında 30 il əvvəl qurulmuş diplomatik əlaqələr böyük inkişaf yolu keçib, yüksək etimada əsaslanan siyasi dialoq qurulub. Qarşılıqlı münasibətlərin strateji xarakter daşıması ticarət, kənd təsərrüfatı, logistika və başqa sahələrdə əməkdaşlığın gələcək perspektivlərini müəyyən edir. Ötən il avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı Qazaxıstan Prezidenti demişdir: "Əlbəttə, Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur. Şübhəsiz, burada üstünlük Azərbaycana məxsusdur. Əlbəttə, düşünürəm ki, Qazaxıstanın bir dövlət kimi, - faktiki olaraq biz Xəzər sahillərində yanaşı yerləşən qonşu ölkələrik, - burada çox yaxşı perspektivləri var. Mən hökuməti, müvafiq idarələri nəqliyyat-logistika əlaqələrinin inkişafı baxımından sizin nümayəndələrlə sıx qarşılıqlı fəaliyyətə və birgə işə istiqamətləndirirəm". Qazaxıstan lideri 5 ölkənin paylaşdığı Xəzər dənizinin dostluq, mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq dənizi olmasına ölkəsinin hər zaman tərəfdar olduğunu bildirmişdir.

Bu gün dost, müttəfiq, tərəfdaş olan ölkələr regional əməkdaşlığı möhkəmləndirmək üçün nəqliyyat, enerji və digər sahələr üzrə mühüm layihələrin reallaşmasında yaxından iştirak edirlər. Həmçinin, Beynəlxalq trans-Xəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda hər iki ölkənin rolunu artırır. Aktau dəniz limanının xüsusi zonasında Azərbaycanın investisiyası ilə inşa edilən "Aktau İstehsal və Logistika Mərkəzi" ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin artmasında əhəmiyyətli rol oynayır. Orta Asiyada Azərbaycanın ən yaxın tərəfdaşı olan Qazaxıstanın paytaxtında "Azərbaycan Ticarət Evi"nin açılması isə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verir. Qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olan ölkələr səmərəli dövlətlərarası əməkdaşlıq həyata keçirirlər. 2026-cı ilə qədər olan dövrdə əməkdaşlığın inkişafına dair kompleks proqramın imzalanması, Ali Dövlətlərarası Şuranın təsis olunması ikitərəfli münasibətlərə güclü təkan verəcək, Azərbaycanla Qazaxıstan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıracaq.

Mehparə ƏLİYEVA,

"Respublika".