Sosialyönümlü siyasətin uğurları sayəsində yaşayış səviyyəsi yüksəlir
Sosial həyat

Sosialyönümlü siyasətin uğurları sayəsində yaşayış səviyyəsi yüksəlir

2003-cü ildə ölkə rəhbərliyinə gəldiyi gündən etibarən cənab İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin problemi xüsusi diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı ilk sərəncamlardan biri, məhz 2004-cü ildə qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının qəbulu ilə bağlı olub. 2007 və 2011-ci illərdə həmin Proqrama əlavələr təsdiqlənib. Dövlət Proqramına uyğun olaraq bu qəbildən olan soydaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması, təhsil, yaşayış və tibbi təminatı istiqamətində mühüm tədbirlər mərhələli şəkildə həyata keçirilməyə başlanıldı. Məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən ümumilikdə ötən dövr ərzində 7 Fərman və 15 Sərəncam imzalanmış, Nazirlər Kabineti tərəfindən isə 20 qərar və sərəncam qəbul edilib.

Ötən 2010-2020-ci illər ərzində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 59 yeni qəsəbə və yüksəkmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilib. Beləliklə, 31 min məcburi köçkün ailəsinin, yəni 118 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu işlərin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirləri də qeyd etmək lazımdır. Belə ki, qəzalı və həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin birinci növbədə köçürülmələri ilə əlaqədar işlər daha da intensiv xarakter almışdır. Heydər Əliyev Fondunun təşəbbüsü və Mehriban xanım Əliyevanın tapşırığı ilə ilk dəfə olaraq özəl sektor tərəfindən, heç bir dövlət vəsaiti istifadə olunmadan bu kateqoriyadan olan insanların mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yaşayış kompleksləri tikilərək istifadəyə verilib. Və beləliklə, 4 kompleksdə 5 min nəfərə yaxın məcburi köçkün ailəsi müvəqqəti olaraq məskunlaşdırılmışdır. Bu illər ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 5,5 milyard manat vəsait ayrılmışdır ki, onun 3 milyard manatı dövlət büdcəsinin, 131 milyon manatı Ehtiyat Fondun, 2 milyard manatı Dövlət Neft Fondunun, 342 milyon manatı beynəlxalq humanitar təşkilatların vəsaitləridir. Ötən 10 ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 23 faizdən 8 faizə endirilmişdir.

Onu da qeyd edək ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəticəsində 2001-2016-cı illərdə 95 qəsəbə salınmış, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı, 58 tibb məntəqəsi və digər infrastruktur obyektləri tikilib, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunublar. Bakı şəhərində və Abşeron rayonu ərazisində 3 qəsəbə, 9 məhəllə salınmış, 6500 ailə, 29 min nəfər yeni mənzillərə köçürülüb. Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilmişdir. Ölkəmizdə olan 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi 2016-cı ildə başa çatdırılıb və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilmişdir.

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə 2018-ci ildə Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində və “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Burada ümumilikdə məcburi köçkünlərə 994 vakant iş yeri təklif olunub. 2019-cu ildə isə əmək yarmarkası Abşeron rayonunda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində keçirilib. Bu yarmarkada da 80 müəssisədən 881 vakant iş yeri təqdim olunmuşdur.

Məcburi köçkünlərin sosial məşğulluğunun təmin edilməsi 2019-cu ildə davam etdirilmişdir. Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün “İşsizin DOST”u proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Sosial cəhətdən həssas qruplardan biri olan məcburi köçkünlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarına sahib olmaları sahəsində də işlər aparılmışdır. Bu proqrama cəlb olunmuş əhalinin 400-ə yaxını məcburi köçkündür. 2019-cu ilin əvvəlində əmək qabiliyyətli məcburi köçkünlər 366,9 min nəfər təşkil etmiş, bunlardan 198 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 134 min nəfəri isə mövsümi işlə təmin olunmuşdur. Son 15 il ərzində sahibkarlığın inkişafı məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min nəfər məcburi köçkünə 14,8 milyon manat məbləğində makrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2.116 nəfər məcburi köçkün sahibkara 47,7 milyon manat güzəştli kredit verilmiş, 4.025 yeni iş yeri açılmışdır. Bu makrokreditlərin əksəriyyəti kənd təsərrüfatı -- əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə uğurla həyata keçirdiyi siyasətin əsas təməl prinsiplərindən olan əhalinin, o cümlədən köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin qorunması ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edildi, burada yaşayan insanların hamısı müasir tipli qəsəbələrə köçürüldü.

Əli SADIQOV,

“Respublika”.