SƏNƏTİN ARİF ZİRVƏSİ
Sosial həyat

SƏNƏTİN ARİF ZİRVƏSİ

Fəxr edirik ki, bizim böyük bəstəkarlarımız, musiqiçilərimiz, müğənnilərimiz, mədəniyyət xadimlərimiz var. Məhz onların yaradıcılığı əsrlər boyu Azərbaycan xalqını ruhlandırmış və onu yeni nailiyyətlər, yeni hünərlər səviyyəsinə qaldırmışdır.

Heydər ƏLİYEV,

ümummilli lider.

Baxın, bizim fəxr etdiyimiz, adı çəkiləndə qürur duyduğumuz, bəşəriyyətin dahiləri içərisində öz nüfuzu, siyasi əqidəsi ilə seçilən bir dahi xalqının incəsənət, mədəniyyət xadimlərilə fəxr edir, onların Azərbaycan xalqının tarixində və inkişafındakı yerinin, mövqeyinin necə də yüksək olduğunu deyir. Bəli, ümummilli liderimiz Heydər Əliyev sənətə və sənətkarlara belə dəyər verirdi. Sənətinə arif olanları daim diqqətdə saxlayır, onların rifahının yaxşılaşması üçün bütün lazımi şəraiti yaradır, onlarla şəxsən görüşür, hətta ad günlərində onlara məktub da ünvanlayırdı. 1998-ci il  fevralın 19-da belə bir məktubu hörmətli sənətkarımız Arif Babayevə də yazmış, ustadı anadan olmasının 60 illiyi münasibətilə təbrik edərək onu “Şöhrət” ordeni ilə təltif etmişdir.

Ulu öndərin layiqli varisləri möhtərəm Prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da onun işıqlı əməllərini, qoyduğu ənənəni uğurla davam etdirərək Arif müəllimə də xüsusi hörmət bəsləyirlər. Prezident İlham Əliyev 2008-ci ildə Arif Babayevi “İstiqlal” ordeni ilə təltif edərkən demişdir:

“Mən Sizi  Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm. Siz buna layiqsiniz. Azərbaycan xalqı qarşısında böyük xidmətləriniz olmuşdur. Həmişə öz sənətinizlə bütün Azərbaycan xalqını sevindirmisiniz”.

Bəli, möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Arif Babayev öz bənzərsiz səsi və böyük sənəti ilə daim xalqın da, dövlətin də hörmət və məhəbbətini qazanıb. Belə bir deyim var. Deyirlər ki, xalq sevsə sənətkarı, ona dağ bata bilməz. Çünki xalqın sevdiyi sənətkar dağlardan da qüdrətli uca zirvələrə yüksəlir. Amma bu yüksəkliyə,  o zirvəyə  gedən yol heç də hamar olmur. Elə Arif müəllim də nə qədər enişli-yoxuşlu yollardan keçib. Bu yerdə ustadın ömür kitabından bəzi səhifələri vərəqləyirik...

 Arif İmran oğlu Babayev 1938-ci il fevralın 20-də Qarabağın dilbər guşələrindən olan Ağdam şəhərinin Sarıhacılı kəndində anadan olub. Erkən yaşlarından musiqiyə olan böyük həvəsi əvvəl doğmaların, sonra da el-obanın diqqətini cəlb edir. Bəlli olur ki, bu uşağın məlahətli səsi var. Eşitdiyi muğam parçalarını, xalq mahnı və təsniflərini öz-özünə zümzümə edərək sanki istedadı ilə onları cilalayır və o havalara öz oxu çalarlarını qataraq daha da rəngarəng edir. Sözsüz ki, poeziya və musiqi beşiyi olan Qarabağın sənət mühiti gənc Arifin gələcəyinə parlaq yol açır. İnsanlar onun ifalarından aldıqları zövqü ona olan məhəbbətlə, sevgi ilə, alqışlarla ifadə edirlər. Amma taleyinin ən uğurlu mərtəbəsini Tanrı ona dostu tarzən Oqtay Quliyevin və unudulmaz bəstəkarımız Süleyman Ələsgərovun vasitəsi ilə nəsib edəcəkdi.

Arif müəllim o illəri belə xatırlayır:

“Hələ çox gənc idim. Doğulub boya-başa çatdığım Ağdam şəhərində el şənliklərində ara-sıra iştirak edir, mədəniyyət evində çıxışlarım olurdu. Yavaş-yavaş Qarabağ camaatı məni tanımağa başlayırdı.

Təxminən 1957-ci və ya 1958-ci ilin yay ayı idi. Dostum tarzən Oqtay Quliyevlə Şuşada istirahət edirdik. Süleyman müəllim də həmişə yay aylarını Şuşada olardı.

Bir gün Oqtay mənə dedi ki, Süleyman müəllim Şuşadadır. Gəl gedək onun yanına. Sənin səsinə qulaq assın. Görək, nə məsləhət edir. Beləliklə, biz öyrəndik ki, Süleyman müəllim ailəsi ilə birlikdə Şuşanın “Şamil bağı”nda dincəlir. Və dostum Oqtayla onlara getdik. Süleyman müəllim bizi çox böyük hörmətlə qarşıladı. Süfrəsinə qonaq etdi. Oqtay gəlişimizin məqsədini ona bildirərək dedi: “Süleyman müəllim, bu cavan oğlanın yaxşı səsi var. İstəyirik ki, siz də qulaq asasınız”. O,  məmnuniyyətlə razılığını bildirdi. Oqtay tarını köklədi. Mən bir “Mirzə-Hüseyn” segahı oxudum. Süleyman müəllim məni diqqətlə dinləyib dedi: “Çox yaxşı, gözəl səsin var. Buna “nadir səs” deyirlər. İndi deyin görüm, mənim sizə nə kimi köməyim dəyə bilər?”  Mən dinmədim. Oqtay dedi ki, Süleyman müəllim, heç bir köməyə ehtiyac yoxdur. Sadəcə olaraq gəldik ki, siz Arifi dinləyib qiymət verəsiniz. Süleyman müəllim nə isə fikirləşib sözünə davam etdi: “Sənin yaxşı gələcəyin var. Yaxşı sənətkar ola bilərsən. Gələrsən Bakıya görək nə edirik”.

Beləliklə, biz onunla vədələşdik. Və mən danışdığımız vaxtda Süleyman müəllimin yanına gəldim. O, məni görcək “Arif, oğlum, dəqiq adamsan”, - dedi. Məni  öz maşınına əyləşdirib Teleradio Verilişləri Komitəsinə gətirdi. Burada bəzi şəxslərə mənim haqqımda məlumat verdi. Və onlar da məni dinlədilər. Süleyman müəllim özü də başda olmaqla mənə bir neçə məsləhət verib öz üzərimdə daha çox çalışmağımı tövsiyə etdilər. Mən bir neçə ay davam edən ciddi məşqlərdən sonra professional səhnəyə ayaq açdım. Televiziyada, radioda ifalarım səsləndi. Filarmoniyada və digər konsert salonlarında böyük sənətkarlarla birgə çıxışlar etdim. Bütün bunlara səbəbkar da Süleyman müəllim idi. O, hər addımda mənə arxa – kömək idi. Beləliklə, məni öz kiçik çərçivəmdən çıxararaq bütün respublikaya tanıtdı Süleyman müəllim. Sonralar mən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti oldum. İncəsənət İnstitutuna daxil oldum. Müxtəlif sənət ocaqlarında çalışdım. Nəinki respublikamızda, xarici ölkələrdə qastrol səfərlərində olub, saysız-hesabsız konsert salonlarında çıxışlar etdim. Bəli, Süleyman müəllim ömrünün sonuna qədər  hər addımımı izləyib və bu uğurlarıma hədsiz dərəcədə sevinib”.

Bu hadisəni təsadüfi xatırlamadıq. Bu həm Arif müəllimin professional səhnəyə gəlişinin əsas tarixçəsi, həm də istedada, əsl sənətə göstərilən qayğı və diqqətin ifadəsidir. Bu yerdə unudulmaz bəstəkarımız Fikrət Əmirovun  belə bir fikri düşür yadıma. O yazır ki, istedad bir aləmdir, zəhmət bir aləm. Bu iki aləm bir-biri ilə qovuşanda milli sənət ümumbəşəri sənət səviyyəsinə yüksəlir. Bu müdrik deyim Fikrət Əmirov özü başda  olmaqla, neçə-neçə sənətkara şamil oluna bilər. O sənətkarlardan biri də hörmətli Arif Babayevdir. O, istedadını zəhməti ilə qovuşduraraq kiçik bir çevrədən böyük səhnəyə, böyük səhnədən böyük sənət yoluna, böyük sənəti ilə isə dünya səhnələrinə yol açdı. İstedadı ilə zəhmətinin bəhrəsi Arif Babayevi xalqının və dövlətinin sevimlisinə çevirdi.

Arif Babayev mükəmməl ifaları ilə həm Azərbaycan Dövlət  Filarmoniyasının, həm də Opera və Balet Teatrının səhnəsində yaddaqalan sənət uğurlarına imza atdı. Onun oxuduğu muğamlar, xalq və bəstəkar mahnıları, təsniflər, eləcə də milli  operalarımızda yaratdığı Məcnun, Kərəm, Aşıq Qərib, Camal obrazları tamaşaçıların mənəvi dünyasını zənginləşdirərək onların ruhunu qidalandırdı. Bu mənəvi qidanın kökündə duran bir amil də var. Bu da onun bənzərsiz səsidir. Bəli, həqiqətən də Arif Babayev ecazkar səsə malik xanəndədir. Çünki o səsi oxusunun ilk avazlarından tanıyırsan. Elə eşidən kimi şövqlə və zövqlə deyirsən - oxuyan Arif Babayevdir. O Arif Babayev ki, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov və bu kimi məşhur Qarabağ xanəndələrinin layiqli davamçısıdır. Odur ki, Arif Babayev müasir Qarabağ xanəndəlik məktəbinin ustadıdır.

Qarabağ dedik – Ana yurdumuz, dilimizin xoş kəlməsi, qəlbimizin susmayan nəğməsi, igidlər oylağı, gözəllər diyarı, sənətkarlar yurdu qaim, qədim Qarabağ. Xalqımızın milli-mənəvi dəyərlərinin, füsunkar təbiətin gözəlliklərinin, ülvi sevgilərin, bir sözlə, bütün dəyərlərin dəyərlisi Qarabağ. Ölkə başçımızın dediyi kimi,  - Qarabağ Azərbaycandır.

Məhz belə bir diyarda dünyaya göz açıb vətən eşqi, vətən sevgisi ilə boya-başa çatan ustad sənətkarın ömrünün bir hissəsinə vətən həsrəti ilə yaşamaq nisgili də düşdü. 30 illik bu həsrət onun səsində, avazında da duyuldu. Elə öz  səslərini, avazlarını mənəvi qılınc kimi düşmən köksünə sancan sənətkarlarımız sanki xalqımızın haqq səsini və inamını dünyaya bəyan etdilər. Bu yerdə onlara mənəvi dəstək olan, milli sərvətlərimizi əzmlə qoruyan və təbliğ edən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın belə bir kəlamı düşür yada: “Biz muğamlarımızla xalqımızın haqq səsini dünyaya yayırıq”.

O ucalan səslər içərisində Arif Babayevin bənzərsiz, məlahətli, şaqraq zəngulələrlə dolu, ürəklərə məlhəm, ruhumuza mənəvi qida verən səsi də var. Vətən həsrətli günlərini duaları ilə yaşayan sənətkarın haqq səsini eşidən Tanrı onu  doğma, müqəddəs torpağına da qovuşdurdu. Ali Baş Komandanın və rəşadətli ordumuzun sayəsində Qarabağ düşməndən azad edildi. Öz nəğməsində - Ana vətənim Ağdamım mənim, - deyən Arif Babayev doğma Ağdam torpağına oxuduğu “Qarabağ şikəstəsi”nin son cümlələrindəki, Sevirəm, Sevirəm – nidaları ilə qovuşdu. Bütün həyatını vətən və sənət sevgisi ilə yaşayan sənətkar üçün Qarabağa, doğma torpağa qovuşmaq arzusu sevgilərin ən ülvisi, ən müqəddəsi idi. Nə xoş ki, bu sevgiyə qovuşdunuz, ustad!

Hər dəfə Arif müəllimlə görüşəndə o, bu sevinc hissini Ali Baş Komandanımız İlham Əliyevə və rəşadətli ordumuzun igid oğullarına minnətdarlıqla, sevinc göz yaşları ilə ifadə edir. Bu hisslər dünyanın müxtəlif ölkələrində öz səsi ilə vətənini və onun xalq musiqisini tərənnüm edən bir müəllim olaraq öz sənətinin layiqli ardıcıllarını yetişdirən, ifaları və öz bəstələri ilə musiqi tariximizə dəyərli töhfələr verən müqtədir bir sənətkarın, kamil bir insanın duyğularının ən yüksək təcəssümüdür. Bu yüksəklik isə sənətin Arif Babayev zirvəsidir. O, bu zirvədə özünün 85 yaşını qeyd edir.

Bütün sənətsevərlər adından biz də əziz və hörmətli Arif müəllimi ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür arzulayır və deyirik. Arif müəllim, Tanrı ömrünüzü daha bərəkətli etsin. 90, 100 illik yubileylər nəsibiniz olsun. İstedadınızla, zəhmətinizlə fəth etdiyiniz sənətin Arif zirvəsindən və Azərbaycan musiqi mədəniyyətinin səmalarından ucalan səsiniz əskik olmasın.

Səadət TƏHMİRAZQIZI,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi .