SƏNƏTİN ZİRVƏSİNDƏ
Sosial həyat

SƏNƏTİN ZİRVƏSİNDƏ

Hər bir insanın həyatında dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı ailə mühiti mühüm rol oynayır. Musiqi sənətində əlçatmaz zirvələr fəth etmiş respublikanın Xalq artisti, görkəmli muğam ifaçısı, professor Canəli Əkbərovun ilk sənət yolu da ailəsindən başlanıb.

Babası Kərbəlayi Ağaməhəmməd gözəl səsə malik olub. Canəli müəllim həmişə fəxrlə deyirdi ki, babanın səsi atama, atamın səsi mənə və qardaşlarıma keçib. İlk sənət dərsini atasından - dövrünün adlı-sanlı xanəndəsi olmuş Xanəli kişidən alıb. O, təkcə cənub bölgəsində deyil, paytaxt Bakıda da məşhur xanəndə, muğam ifaçısı kimi tanınıb. Dəfələrlə Bakıda ona iş təkilf olunsa da, Lənkəranı tərk etməyib. Səkkiz oğul və yeddi qız övladını xanəndəlik sənəti hesabına zəhmətlə böyüdərək ərsəyə çatdırıb.

Canəli ailənin böyük oğlan övladıdır. Gözünü açanda evdə tar, qaval görüb. Atası Xanəli kişi heç vaxt zurna, balabanın müşayiətilə oxumayıb. Canəliyə klassik musiqiyə, xalq mahnılarına, muğamlara məhəbbət də atasından keçib.

Lənkəran rayonunun doğma Tükəvilə kənd məktəbində oxuyarkən qramofon vallarında Xan və Seyid Şuşinskini, Mütəllim Mütəllimovu və digər məşhur muğam ustalarını dönə-dönə dinləyib. 16 yaşında orta məktəbi bitirib Lənkəran Tibb Texnikumuna daxil olub.

Lakin musiqiyə, muğamlarımıza sevgi, bağlılıq onu rahat buraxmayıb. 23 yaşında tükənməz arzuların qanadında Bakıya gəlib. Burada tale üzünə gülüb. Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olunub. Xanəndəlik sənətinin Dədə Qorqudu sayılan Xan Şuşinskinin sinfində oxuyub. Xan əmidən, Seyid Şuşinskidən, Mütəllim Mütəllimovdan, Zülfi Adıgözəlovdan sənətin incəliklərini öyrənib.

Dövrünün görkəmli sənətkarları Əhməd Bakıxanov və Hacı Məmmədovun xeyir-duası ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında solist vəzifəsində işə qəbul olunub. İlk dəfə 1963-cü il avqust ayının 9-da bu böyük mədəniyyət ocağının səhnəsində sənət imtahanı verib. "Rast" muğamını və "Qarabağ şikəstəsi"ni ifa edib. Gənc xanəndələr arasında keçirilən bu müsabiqədə parlaq səsi, orijinal ifası ilə seçilib. Hacı Məmmədov ifasını bəyənib və onu "gənc möcüzə" adlandırıb.

İstedadlı xanəndə o illərdə Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Sara Qədimova, Şövkət Ələkbərova kimi korifey sənətkarlarla respublikamızın rayonlarına gedib zəhmət adamları qarşısında çıxış edib. İfalarına görə xalq tərəfindən sevilib.

1975-ci ilin sonunda o zaman mədəniyyət naziri işləyən Zakir Bağırovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına işə qəbul olunub. Necə deyərlər, səhnədən-səhnəyə yerini dəyişib. Mehdi Məmmədovun sədrliyi ilə Azər Rzayev, Rauf Abdullayev, Qəmər Almaszadə, Kazım Əliverdibəyov kimi nəhəng sənətkarların iştirak etdiyi müsabiqədən uğurla keçib. Burada ilk dəfə "Leyli və Məcnun" operasında İbn Salam rolunu oynayıb. O vaxt teatrda işləyə-işləyə Azərbaycan Dövlət İncəsənət İnstitutunu da bitirib.

Canəli Əkbərov oynadığı ciddi, məsuliyyətli rollarla tamaşaçı rəğbətini qazanıb. Məcnunu yüksək peşəkarlıqla ifa etdiyinə görə "səhnəmizin Məcnunu" kimi şöhrət tapıb. Leyli rolunda Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut Abdullayeva ona tərəf-müqabil olub. Canəli Əkbərov mübariz ruhu, səsinin dinamikliyi, parlaqlığı ilə Məcnun obrazını çox gözəl yaradırdı.

Akademik Opera və Balet Teatrının səhnəsində 30 il ərzində Şah İsmayıl, Aşıq Qərib, Kərəm kimi obrazlara yeni nəfəs verdi. "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı, "Aldanmış ulduzlar"da Axund və digər çoxsaylı rolları yüksək peşəkarlıqla oynadı. Əksər tamaşalarda məşhur tarzən Bəhram Mansurovun müşayiəti ilə çıxır, onun ifasından xüsusi zövq alırdı.

1978-ci ildə Səmərqənddə keçirilən beynəlxalq muğam simpoziumunda Bəhram Mansurovla Azərbaycan muğamını yüksəklərə qaldırdı və müsabiqənin qalibi oldu. Almaniyada, Avstriyada və neçə-neçə xarici dövlətdə Azərbaycan musiqisini, muğamlarımızı vətəndaş yanğısı, təəssübkeşliyi ilə təbliğ etdi. Falun şəhərində keçirilən beynəlxalq folklor festivalından qalib kimi Vətənə qayıtdı.

1989-cu ildə respublikanın Əməkdar, 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görüldü.

2019-cu ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müdiri işləyib. Sonralar həmin kafedranın məsləhətçi professoru kimi yüksəkixtisaslı kadrların hazırlanmasında qüvvə və bacarığını əsirgəməyib.

Sənət yolunda qazandığı təcrübə və biliyini, muğam ifaçılığının bütün sirr və incəliklərini böyük həvəslə gənclərə öyrədib. Zabit Nəbizadə, Gülyaz və Gülyanaq Məmmədova, Babək Niftəliyev, Ehtiram Hüseynov, Sahib İbrahimov kimi tanınmış sənətçilər yetişdirib.

Ustad sənətkar 80 illik ömründə çoxlu zirvələr fəth edib. Ona "muğam aləminin şahı Canəli" deyiblər. Görkəmli elm xadimlərindən akademik Bəkir Nəbiyev, Vasim Məmmədəliyev, Rafael Hüseynov və başqaları Canəli Əkbərovun yaratdığı muğam məktəbini yüksək dəyərləndiriblər.

Unudulmaz sənətkara ən böyük qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyev verib. 2000-ci ildə milli musiqi sənətinin inkişafında xidmətlərinə görə onu "Şöhrət" ordeni ilə təltif edib. Ulu öndərin Canəli Əkbərova 60 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda deyilir: "Siz müasir musiqi sənətimizdə öz dəst-xəttilə seçilən, xanəndəlik məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmış sənətkarlardansınız. Klassik muğam ifaçılığının zəngin ənənələrini qoruyub saxlamaq, onlara yaradıcı münasibət bəsləmək, bütün imkanları muğamın bütöv şəkildə ifasına yönəltmək yaradıcılığınızın əsas xüsusiyyətlərindəndir. Yüksək diapazonlu ecazkar səsiniz, mətn ilə musiqinin sıx əlaqəsi zəminində güclü emosional çalar yaratmaq bacarığınız, ifa tərzinizə xas olan məziyyətlər muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi sizə şöhrət gətirmişdir".

2010-cu ildə ölkə Prezidenti İlham Əliyev Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə Canəli Xanəli oğlu Əkbərovu "Şərəf" ordeni, 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə onu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edərək fəaliyyətini yüksək dəyərləndirib: "Siz klassik muğam ifaçılığının zəngin ənənələrini qoruyub yaşadan, gözəl ifası ilə Xalq mahnılarımıza, uzun illər çalışdığınız Akademik Opera və Balet Teatrında böyük ustalıqla yaratdığınız obrazlara yeni həyat verən sənətkar kimi xalqımızın dərin hörmətini qazanmısınız".

Artıq bir ildir ki, sənətilə möcüzələr yaradan sənətkar aramızda yoxdur.

Bəli, ömür bitsə də, unudulmaz sənətkar Canəli Əkbərov şövqlə ifa etdiyi muğamlarda, mahnılarda, yaratdığı çoxsaylı obrazlarda yaşayır. Sənəti ilə insanları saf, təmiz eşqə, paklığa, halallığa, humanizmə, xeyirxahlığa səsləyən sənətkar əbədiyaşardır.

Əlisəfa HƏSƏNOV,        

"Respublika".