ŞƏMKİR:  MELİORATİV TƏDBİRLƏR BOL MƏHSULA ZƏMİN YARADIR
Region

ŞƏMKİR:  MELİORATİV TƏDBİRLƏR BOL MƏHSULA ZƏMİN YARADIR

Son dövrlərdə bəzi ölkələr ərzaq qıtlığı ilə üz-üzə qalmışdır. Sevindirici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətdə respublika iqtisadiyyatının şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması prioritet təşkil edir. Aqrar sahənin inkişaf etdirilməsi dövlətin daim diqqət mərkəzindədir.

Kənd təsərrüfatının istənilən sektoruna kifayət qədər dövlət dəstəyi göstərilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda idxaldan asılılıq tədricən aradan qaldırılır, hər il minlərlə ton rəqabətədavamlı ixracyönümlü kənd təsərrüfatı məhsulları bir sıra xarici ölkələrə ixrac olunur.

Məlumat üçün bildirək ki, Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Şəmkir rayonu bu sırada qabaqcıl yerlərdə qərar tutur. Hər il minlərlə ton meyvə və tərəvəz daxili bazarlarda bolluq yaratmaqla yanaşı, digər qonşu respublikalara da ixrac olunur.

Rayonun əlverişli iqlimi, münbit torpağı və zəhmətkeş insanları hər il bol məhsulun əldə olunmasını təmin edir. Qeyd etmək lazımdır ki, aqrar sahə rayon iqtisadiyyatının əsasını təşkil edir. Rayonda ənənəvi olaraq taxılçılıq, kartofçuluq, üzümçülük, tərəvəzçilik və s. sahələr aparıcı rola malikdir.

Təbii ki, kənd təsərrüfatı məhsullarının istehsal həcminin ildən-ilə yüksəlməsi göstərilən aqrotexniki qaydalarla yanaşı, suvarma suyuna olan tələbatın vaxtlı-vaxtında ödənilməsindən birbaşa asılıdır.

Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Xəlilovla söhbətimiz bu barədə oldu. İdarə rəisi bildirdi ki, hazırda dünyada şirin su ehtiyatında kəskin azalma müşahidə olunur. Bu baxımdan su itkisinin qarşısının alınması, sudan səmərəli istifadə etmək üçün mütəmadi olaraq meliorativ tədbirlər həyata keçirilir.

Şəmkir SSİ 40500 hektar əkin sahəsinə xidmət göstərir, suvarma suyu ilə təmin edir. Bundan 8608 hektar dənli bitkilər (arpa, taxıl və s.), 4463 hektar bostan-tərəvəz bitkiləri, 13468 hektar yem bitkiləri, 4022 hektar çoxillik bitkilər, 9115 hektar həyətyanı sahələrdir.

İdarənin balansında olan 925 kilometr kanallar və təsərrüfatdaxili arxlar mütəmadi olaraq texnikalar vasitəsilə təmizlənir. 2022-ci ildə 229 min kubmetr çay məcrası təmizlənmiş və suyun maneəsiz axını tənzimlənmişdir. "Zəhmət", "Səməd Vurğun", "Ağlavaşlı-1" və "Ağlavaşlı-2" nasos stansiyaları təmir edilmiş, sahələrin suvarılması üçün hazır vəziyyətə gətirilmişdir.

Həmçinin, əkin sahələrinin suvarılması və içməli suya olan tələbatın vaxtında ödənilməsi məqsədilə rayon ərazisində 310 ədəd subartezian quyusu təmir edilmişdir. Eyni zamanda ötən il 84 ədəd yeni nasos quraşdırılmış, 201 ədədi isə cari təmir edilmişdir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şəmkir rayonunda 10 ədəd subartezian quyusu qazılmış, bu il isə 28 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

Kanalların üzərindəki nasos stansiyaları əsaslı təmir olunub. Tahir Xəlilov bildirdi ki, Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin balansında 34,3 kilometr kollektor-drenaj şəbəkəsi mövcuddur. Bu şəbəkə tam olaraq lildən və kol-kosdan təmizlənib. Kollektor-drenaj şəbəkəsi 1500 hektar ərazinin suvarılmasına xidmət edir.

İdarənin balansında 12 ədəd I dərəcəli baş kanal, 6 ədəd təsərrüfatlararası II dərəcəli kanal, 109 ədəd təsərrüfatlardaxili kanal mövcuddur. Kanalların ümumi uzunluğu 890,7 kilometrdir.

Şəmkir Suvarma Sistemləri İdarəsində 2022-ci ildə 250 km-dan çox kanalda idarənin daxili imkanları hesabına 435,6 min kubmetr lildən və kol-kosdan təmizləmə işləri görülmüşdür. Həmçinin, podrat üsulla 50 km-dan çox kanalda 136,31 min kubmetr lildən və kol-kosdan təmizləmə işləri görülmüşdür.

Rayonda meliorativ tədbirlər bu il də uğurla davam etdirilir.

Vəli VƏLİYEV,

"Respublika".