KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜ QEYD EDİLİB
Region

KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜ QEYD EDİLİB

Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Göygöl rayonunda geniş tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürrəhmanov, rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarının rəhbərləri iştirak ediblər. Vətən övladlarının xatirəsi anılıb.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən yığıncaqda çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin  başçısı Elvin Paşayev bildirib ki, Azərbaycan böyük əkinçilik ənənələrinə malik ölkələrdən biridir: "Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və gərgin əməyi ilə həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi islahatlar aparılıb, resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası ümummilli lider tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yer tutub".

Tədbirdə çıxış edən Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov qeyd edib ki, 2007-ci ildən kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi və bütövlükdə fermer və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir. Son illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları səmərəli fəaliyyət göstərib, ciddi nəticələr əldə edib. Bu mövsümdə istər taxıl yığımı, istərsə də pambıq yığımında əldə edilən nəticələr uğurlu fəaliyyətin göstəricisidir.

Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürrəhmanov regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsindən ətraflı söhbət açıb. Bildirib ki, bu innovativ inkişaf  olduqca vacib aqrar sahə olan kənd təsərrüfatına və ərzaq məhsullarının istehsalının artmasına stimul verir.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev isə çıxışında bildirib ki, son illər ərzində kənd təsərrüfatı sahəsi dinamik inkişaf edib: "Kənd təsərrüfatı sahəsi artıq elmi cəhətdən idarə olunur. Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib, aqrar sahənin ixrac potensialı yüksəlib".

Sonra kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyət göstərən bir qrup işçi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırılıb.

Zabit XƏLİLOV,   

 "Respublika".