Şəhidlərimizi  ehtiramla anırıq
Siyasət

Şəhidlərimizi  ehtiramla anırıq

Azərbaycan çoxəsrlik tarixində dəfələrlə işğala məruz qalmışdır. Xalqın mübarizəsi nəticəsində Azərbaycan dövləti öz varlığını qoruyub saxlamış, bu yolda qurbanlar vermişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını növbəti dəfə kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdu.

Buna cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən sürətli əks-hücum əməliyyatlarına başlandı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: "Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir".

Lakin müharibə itkisiz olmur. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak oldu.

Ölkəmizdə şəhidlərin xatirəsinin əziz tutulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin "Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında" Sərəncamına əsasən Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edildi. Eyni zamanda həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoyublar. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Vətən müharibəsində həlak olmuş şəhidlərlə bağlı paylaşımda qeyd etmişdir ki, Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçiblər. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir: "Bu gün mən ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!".

İkinci Qarabağ müharibəsinin yekunu olaraq kapitulyasiya aktı imzalandı. Bu akt erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tuturdu. Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan etmişdir.

Avqustun 3-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmi olaraq "Qisas" antiterror əməliyyatı keçirdiyini bəyan etdi. Əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərməsinin qarşısı alındı. Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan bölmələri tərəfindən nəzarətə götürüldü.

Erməni silahlı dəstələrinin terror-təxribat əməli nəticəsində vətəni qəhrəmanlıqla müdafiə edən Azərbaycan Silahlı Qüvvələri bu dəfə də itkisiz ötüşməmiş, bir hərbi qulluqçusu şəhid olmuşdur.

Münaqişənin sülh yolu ilə həll edilməsinə mane olan Ermənistan qəsbkar siyasətini davam etdirməkdədir. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Ordumuz tərəfindən bunun qarşısı qətiyyətlə alınmışdır. Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbi qulluqçusu şəhid olmuşdur. Lakin buna baxmayaraq, mənfur düşmən təxribat əməllərini inkar etməklə atəşkəsin pozulmasında Azərbaycanı təqsirləndirmiş və baş verən hadisələrlə bağlı dünyaya həqiqətə uyğun olmayan məlumatlar yaymışdır.

Dövlət səviyyəsində Vətən müharibəsi şəhidlərinin anım gününün müəyyən olunması dövlət başçısı cənab İlham Əliyevin şəhidlərə ehtiramının təzahürüdür. Bunun həm də böyük ictimai - siyasi və mənəvi əhəmiyyəti vardır. Hər il sentyabr ayının 27-də şəhidlərin anılması ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasına, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsinə, onların mənəvi zənginləşməsinə səbəb olur.

Hər il olduğu kimi, bu il də sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq ölkəmizin hər yerində şəhidlərə ehtiram əlaməti olaraq tədbirlər keçirilir. Şəhidlərin adına abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir. İllər ötəcək, nəsillər dəyişəcək, Vətən müharibəsi şəhidlərinin qəhrəmanlıqları gələcək nəsillərə örnək olacaq, onlara vətəni, milləti, torpağı sevməyi öyrədəcək, Azərbaycan var olduqca yaddaşlarda yaşayacaqlar. Uyuduqları torpaq and yerimiz, qibləgahımız, səcdəgahımız, qan yaddaşımız, can yaddaşımız olacaq. Hər zaman müqəddəs ruhları qarşısında baş əyərək, əziz xatirələrini hörmətlə anacağıq. Unutmamalıyıq ki, bu gün üzərində yaşadığımız torpağı ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən dövlət başçımız cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti və şəhidlərimizin qanı və canı bahasına qoruyub saxlamışıq.

Kamran ƏSƏDOV,

Bakı Şəhəri Qaradağ Rayon

Məhkəməsinin hakimi.