Şəhidlər anıldı
Sosial həyat

Şəhidlər anıldı

Səbail rayonu 239 saylı tam orta məktəbdə Anım Gününə həsr olunmuş "Heydər Əliyev və tarixi həqiqətlər", "Qarabağ Azərbaycandır" lektoriyasında "Səbail Rayon Şəhidləri" adlı tədbir keçirildi. Tədbir məktəbin həyətində, açıq havada ibtidai sinif şagirdlərinin ifasında "Biz sizinlə fəxr edirik" adlı kompozisiyanın təqdimatı ilə başladı. Məktəbin direktoru Sədaqət Əzimova çıxış edərək tədbir iştirakçılarını salamladı və məktəbdə fəaliyyət göstərən "Qarabağ Azərbaycandır!" lektoriyası haqqında məlumat verdi və bununla bağlı videoçarxlar nümayiş etdirildi. Qeyd etdi ki, guşədə Səbail rayonundan şəhid olmuş 14 nəfərin həyat yolu və müharibədə göstərdikləri qəhrəmanlıqlar haqda məlumatlar, fotoşəkillər yer alıb.

Lektoriyada cənab Prezidentimizə həsr olunmuş guşədə onun 44 günlük Vətən müharibəsindəki çıxışları və dövlət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillər öz əksini tapıb. Yaradılmış guşədə həmçinin, Azərbaycan tarixi ilə bağlı məlumatlar var. Məktəbin direktoru lektoriyada "Səbail Rayon Şəhidləri" guşəsinin yaradılması ilə bağlı da danışdı.

Tədbirdə şəhid anaları, Səbail Rayon İcra Hakimiyyəti, YAP Səbail rayon təşkilatı, Yeni İctimai Nəzarət Şurasının Səbail rayon təşkilatı, Badamdar Bələdiyyəsi, Səbail rayon Ağsaqqallar Şurasının rəhbər işçiləri və digər nümayəndələr iştirak etmişdir. Sonda Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, şəhid anası Mehriban xanım və digərləri çıxışlarında guşənin yaradılmasında əməyi olan təşkilatçılara, məktəb rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Əli SADIQOV,

"Respublika".