Erməni vandalizmini sübut edən kütləvi məzarlıqlar
Sosial həyat

Erməni vandalizmini sübut edən kütləvi məzarlıqlar

Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad edilməsindən ötən müddətdə erməni vandallığının yeni izləri aşkarlanır. Ötən illər ərzində onlar təkcə ərazilərimizi talayıb, xarabazara çevirməyib, həm də əsir və girov götürdükləri azərbaycanlılara zülm, işgəncə veriblər. Birinci Qarabağ müharibəsindən sonra yüzlərlə azərbaycanlının taleyi hələ də naməlum qalır. Dəfələrlə Azərbaycan tərəfi Ermənistana müraciət etsə də hələ ki, heç bir nəticə əldə edilməyib. Qarabağda erməni terrorçuları tərəfindən dinc əhalinin və hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır. Çünki 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqlar bunu sübut edir. Tapılan cəsədlərin üzərindəki işgəncə əlamətləri onu deməyə əsas verir ki, ermənilər bütün bunları məqsədli şəkildə həyata keçirmişlər. Belə məzarlıqlar bölgədə kifayət qədərdir. Azərbaycanlılar xüsusi amansızlıqla qətlə yetirilərək qazılmış quyularda kütləvi şəkildə basdırılmışdır. Birinci Qarabağ müharibəsində 4 min nəfərə yaxın insan itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insandır. Əldə edilmiş məlumatlardan aydın olur ki, itkin düşmüş hərbçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər.

Bu vaxta kimi Qarabağda kütləvi məzarlıqlar Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə və digər yaşayış məntəqələrində aşkarlanıb. Tapılan məzarlıqlar bununla bitmir. Axtarışlar onu deməyə əsas verir ki, ərazidə çoxlu sayda basdırılmış insan cəsədləri var. Xocalı rayonunun  Əsgəran qəsəbəsində daha bir kütləvi məzarlıq aşkar edilib. Əsgəran qalasının yaxınlığında qazıntı işləri aparılarkən Xocalı soyqırımı qurbanlarına aid olduğu ehtimal edilən məzarlıqda 8-ə yaxın insan qalıqları aşkarlanıb. Lakin ərazidə olan müvafiq qurumların nümayəndələri orada daha çox insana aid qalıqların olduğunu düşünürlər. Tapılan cəsədlərin üzərindəki əlamətlərdən aydın olur ki, onlar xüsusi amansızlıqla qətlə yetirilib. Paltarlı basdırılan bu insanlar əl-ayaqları məftillərlə sarınmış, kürəklərinə bəzi məişət əşyaları, bıçaq, balta sancılmış formada basdırılıblar. Məsələn, Edillidə aşkarlanan kütləvi məzarlıqda işğal dövründə girovluqda saxlanılan 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşi 3 metr dərinlikdən çıxarılıb. Ötən il isə Şuşa həbsxanası yaxınlığında qazıntı işləri aparılarkən daha bir kütləvi məzarlıq aşkar edilib. Məlum olub ki, buradakı insan sümükləri həbsxanada saxlanılan 4 azərbaycanlı əsirə aiddir.

Hələ aşkarlanmayan neçə-neçə kütləvi məzarlıq var. İşğaldan azad edilən, ancaq minalardan təmizlənməyən ərazilərdə yeni kütləvi məzarlıqların aşkarlanacağı istisna deyil. Ermənilərin bu əməlləri beynəlxalq humanitar hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyasının, “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın və ona dair 1977-ci il tarixli bir saylı Əlavə Protokolun müddəalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymalıdır. İnsan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə hüquqi qiymət verilməlidir.

Ramidə YAQUBQIZI,

“Respublika”.