Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib
Sosial həyat

Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Ağcabədi rayonunda orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə görüş keçirilib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və digər rəsmi nümayəndələr iştirak edib. Orta məktəb şagirdləri tərəfindən hazırlanan zərərli vərdişlərin insan orqanizminə və həyatına vurduğu ziyanın əks olunduğu rəsmlər nümayiş olunub.

Tədbirdə SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıb. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, analoji tədbir əvvəlki aylarda ölkənin bir sıra rayonlarında təşkil edilib və gələcək aylarda digər yerlərdə də keçirilməsi planlaşdırılır.

M.MİRZƏ,

"Respublika".