Şəhidin əbədi məkanı müqəddəs Vətəndir
Region

Şəhidin əbədi məkanı müqəddəs Vətəndir

Vətən müharibəsi Azərbaycanı dünyaya qalib dövlət kimi tanıtdırdı. 44 günlük müharibədə ölümün gözünə dik baxan övladlar şəhidlik zirvəsinə ucalmaqla  tariximizin şərəfli səhifəsini yaratdılar. Onlardan biri də 1994-cü ilin 16 iyulunda  Mingəçevir şəhərində anadan olan Tural Tapdıq oğlu Həsənovdur. Şəhidin doğum günü münasibətilə Mingəçevir Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının, şəhidin valideynlərinin, əzizlərinin  iştirak etdiyi mərasimdə onun xatirəsinə dualar oxunub, xoş  xatirələr dilə gətirilib.

Tural Tapdıq oğlu Həsənov 2020-ci il sentyabr ayının 21-də ehtiyatda olan əsgər kimi səfərbərliyə çağırılıb. Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal  iştirak edib. 2 oktyabr 2020-ci ildə Ballı Qaya yaxınlığında Ağ uçuq uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi neytral ərazidə qaldığı üçün bir müddətdən sonra 9 dekabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra dövlət başçısınn sərəncamları ilə medallarla təltif olunub.  Şəhid  Tural Həsənov Vətən müharibəsində şəhid olan Musa Tapdıq oğlu Həsənovun qardaşıdır.

***

Mingəçevir Şəhər İcra Hakmiyyəti başçısı aparatının şöbə müdiri Sahib Əliyev və  ictimai-siyasi  humanitar məsələlər şöbəsi müdirinin müavini Elşən Əliyev şəhidin ailəsi, yaxınları, qohumları, dostları ilə birgə Qəbələ rayonunun Vəndam kəndində şəhid Şahmar Ağasəf oğlu Məmmədovun doğum günü məzarı önündə qeyd olundu. Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərən şəhidin məzarına tər gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.  Ailə üzvlərinə başsağlığı verərək  bir daha onlara  səbir diləmişlər.

Dostları şəhidlə bağlı xoş xatirələrdən ətraflı söhbət açmışlar.

2016-cı ilin Aprel döyüşlərində iştirak edən, göstərdiyi rəşadətlərə görə medallarla təltif olunan şəhid Şahmar Ağasəf oğlu müddətdən artıq hərbi  xidmət qulluqçu kimi 2020-ci ildə Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Vətən müharibəsinin ilk günündə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüşlərə cəlb olunub. Xüsusi rəşadətlər göstərən igid əsgər həmin döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.  Mingəçevir  Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra göstərdiyi şücaətlərə görə  ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə medallarla təltif olunub.

            Zabit XƏLİLOV,

            “Respublika”.