Şəhidimiz doğum günündə yad olundu
Region

Şəhidimiz doğum günündə yad olundu

Bərdə rayon Nifçi  kəndindən  Vətən müharibəsi şəhidi İsgəndərov Vüsal Asdan oğlunun 23-cü yaş günü münasibətilə rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının nümayəndələri ilə birlikdə şəhidin məzarını və  ailəsini ziyarət etmişlər.

İsgəndərov Vüsal Asdan oğlu 2020-ci ilin iyul ayında Tovuz döyüşlərindən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində əsgər kimi müddətdən artıq xidmət etməyə başlamışdır. Sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan kəndlərində və Ağ uçuq adlanan ərazilərdə gedən döyüşlərdə iştirak etmiş və elə orada  şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə İsgəndərov Vüsal Asdan oğlu ölümündən sonra “Vətən uğrunda”  və “Suqovuşanın azad olunmasına görə” medalları  ilə təltif edilmişdir.

Şəhid ailəsi ilə görüş zamanı Fəqət Şadlinskaya bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Ziyarət zamanı, Çələbilər kənd tam orta məktəbinin şagirdləri Vətənə və şəhidlərə aid şeirlər səsləndirmişlər.

Şəhidin atası Asdan İsgəndərov və anası Cəmilə İsgəndərova  oğulları Vüsalın hərbidəki  xidmətlərindən və ömür yolundan söz açmış, möhtərəm Prezidentimiz İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən qayğıdan  məmnun olduqlarını ifadə etmişlər.

Vəli VƏLİYEV,

“Respublika”.