Şəhid uşaqları üçün yay düşərgəsinin daha bir günü rəngarəng görüntülərlə yadda qalıb
Sosial həyat

Şəhid uşaqları üçün yay düşərgəsinin daha bir günü rəngarəng görüntülərlə yadda qalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi və dəstəyi ilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid uşaqları üçün təşkil edilən növbəti yay istirahət düşərgəsi davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, düşərgənin növbəti günündə şəhid övladları üçün Quba rayonunun Qəçreş qəsəbəsinə ekskursiya təşkil edilib. Burada iştirakçılara təbiət qoynunda maraqlı və əyləncəli istirahət keçirmək imkanı yaradılıb.

Sonra peşəkar psixoloqun iştirakı ilə uşaqlar üçün "Həyat dəyərləri" adlı treninq, valideynlər üçün "Böhran vəziyyətində ilkin psixoloji yardım" adlı təlimlər təşkil olunub.

Uşaqlar hovuzda su idman növləri ilə məşğul olmaqla bərabər müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.

Yay düşərgəsi uşaqların yaddaşında yaddaqalan izlər buraxır.

Xatırladaq ki, layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynləri ilə birgə 140 nəfəri) əhatə edir.

AZƏRTAC