Bir qrup əlilliyi olan Türkiyəyə təcrübə kursuna yola salınıb
Sosial həyat

Bir qrup əlilliyi olan Türkiyəyə təcrübə kursuna yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 6 nəfər əlilliyi olan şəxs Türkiyənin Ankara və Antalya şəhərlərində əlilliyi olan şəxslər üçün təşkil olunan peşə dərnəklərinə təcrübə kursuna yola salınıb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlar Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələridir və 1 nəfəri Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. 2 ay Türkiyədə onlar "Əngəlsiz Gülümsə", "Əngəllilərə Könüllü Dəstək" və "Əngəlsiz Həyat" adlı beynəlxalq layihələrdə iştirak edəcək. Həmçinin peşə dərnəklərində təcrübə kurslarına cəlb olunacaq, Mərkəzdə öyrəndikləri peşələrə uyğun biliklərini artıracaqlar.Avropa Həmrəylik Korpusu Proqramı üzrə və Agentliklə "Sağlam Düşüncə" Gənclər Təşkilatının əməkdaşlığı çərçivəsində icra olunan bu layihə Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri ilə qardaş ölkənin müvafiq peşə dərnəkləri müdavimlərinin təcrübə mübadiləsini nəzərdə tutur.

Qeyd edək ki, ötən dövrdə Mərkəzin 87 yetirməsi bu təcrübə mübadiləsi proqramında iştirak edib. Onlardan 6-sı Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Mustafa KAMAL,

"Respublika".