ŞƏHİD ANASI:  “ONLAR ELƏ BİR ZİRVƏDƏDİRLƏR...”
Sosial həyat

ŞƏHİD ANASI:  “ONLAR ELƏ BİR ZİRVƏDƏDİRLƏR...”

30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur... Bu gün hər bir şəhidimiz, mübarək qanı ilə tariximizə şərəfli səhifələr yazdı.  Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi.  Tarix yazan şəhidlərimizdən biri də Mingəçevir şəhər 3 saylı məktəbin  rus bölməsinin məzunu və BDU-nun  biologiya fakültəsinin məzunu olmuş Qurbanov Tərxan Zabit oğludur. Bu günlərdə şəhidin valideynlərini ziyarət etdik.  Şəhidin anası Elmira xanımla şəhidin döyüş yolundan, onun həyata keçə bilməyən arzularından danışdıq. Ana deyir ki,  övlad itkisi ağır olsa da, onların Vətən uğrunda canlarını fəda etməsi, torpaqlarımızın azad olunması uğrunda şəhid olması valideynlər üçün təsəlli yeridir. Çünki onlar Azərbaycanın şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular: “Şanlı tarix yazanlardan biri də  mənim gözəl, şux qamətli, gözləri daim Vətən eşqi ilə yanan pəhləvan cüssəli  balam idi. Ürək həkimi olmaq istəyirdi. BDU-nun biologiya fakültəsini bitirdi. Əsgəri xidmətini  başa vurmağa  bir ay qalmış müharibə başladı. Özü könüllü təlimlərə qatılıb döyüşə yollandı. Doyunca  uşağımızın üzünü görə bilmədik. 4 il universitet, il yarım əsgərlik xidməti, sonra da müharibə. Ancaq telefonla danışa bildik. Tərxanla iki bədəndə bir can  kimi idik.  Oğlum həyatsevər bir övlad idi. Həyatı sevərək yaşayıb, sevilərək şəhid  oldu. Tərxanın arzusu həkim olmaq idi. Müharibədə də həkimlə bərabər sanitar xidməti göstərib, yaralılara yardım edirmiş. Müharibədə 3 ayı bitəndə zəng edib dedi ki, ay ana artıq burada həkim kimi yaralılara xidmət göstərirəm.  İndi o elə bir zirvədədir ki, hər birimiz o zirvəyə həsrətlə baxırıq. Biz hər birimiz öləcəyik, lakin şəhidlərimiz hər zaman yaşayacaqlar. Onlar Vətəni qorudular, torpaqlarımızı yağı düşməndən azad etdilər. Atası da Birinci Qarabağ savaşında iştirak edib,  bu  gün  vətən torpaqlarını azad edən 25 yaşlı oğlu ilə qürur  duyur”.

Şəhidin atası Zabit kişi deyir ki, 3 övladımız var idi. Bir ailə kimi qarşımızda bir məqsəd  vardı. Ac da, susuz da qalsaq övladlarımıza ali  təhsil verək deyirdik. Belə də oldu. Övladlarımın 3-də əla qiymətlərlə oxudular. Tərxan universiteti bitirdi, bacısı da Sumqayıt Dövlət Universitetində oxuyur. Bir oğlumuz  isə hələ orta məktəb şagirdidir. Tərxan bizimlə telefon əlaqəsi yaradanda  çox  qürurla danışırdı. Deyirdi hər şey yaxşıdır, bizdən narahat olmayın. Biz qələbə üçün vuruşuruq. Oğlum az ömür yaşasa da elinə, obasına, ailəsinə qürur  yaşatdı... Bax, bu da biz valideynlərə bir təsəllidir.

Şəhidin bacısı Jalə xanım qardaşı ilə qürur duyduğunu deyir: “Qardaşım hələ uşaq olarkən çox vətənpərvər bir uşaq idi. Çünki biz hələ uşaq olarkən torpaqlarımız işğal altında idi. Bizə həm məktəbdə, həm də evdə vətənpərvərlik ruhunda böyüməyimizə çalışıblar. Qardaşımın sağ qalan döyüşçü yoldaşları deyir ki, o müharibədə  sanitar kimi çalışsa da, silaha sarılıb düşmənlə üz-üzə də döyüşürdü. Öndə gedən əsgərlərdən olub. Xocavəndə qədər gediblər. Silah-sursatları qurtardığından mühasirəyə düşüblər. Elə ordaca şəhidlik zirvəsinə ucalıblar. Qardaşımın arzularından biri də bizim ali təhsil almağımız idi. Mənə dedi ki, sən psixologiyanı seç, mən də gəlib magistri oxuyub qurtarandan sonra bir  yerdə işləyərik. Mən də çalışıram ki, qardaşımın bütün arzularını yerinə yetirim və balaca qardaşımı da Tərxan kimi cəsur  görmək arzusundayam”.

Bizimlə bərabər şəhid ailələrini ziyarət edən Mingəçevir Şəhər İHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov bu ailənin daim yanlarında olduğunu dedi. O, şəhər icra hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə başsağlığı verərək, ailəsinə və qohumlarına səbr dilədi. Vətən müharibəsi iştirakçısı kimi, gözü ilə gördüyü cəbhədə gənclərin düşmənə qarşı necə mərd, qorxmadan döyüş yollarından ətraflı söhbət açdı. Azərbaycan Ordusunun əsgəri olan Tərxan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı  uğrunda gedən döyüşlərdə savaşıb. Tərxan Qurbanov noyabrın 6-da Xocavənd döyüşləri  zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tərxan Zabit oğlu  Qurbanov ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Zabit XƏLİLOV,

“Respublika”.