Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Sosial həyat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin unudulmaz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər qoyulub.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar keçirilən tədbirdə SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev xalqımızın istiqlal tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələrinin müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi olduğunu bildirib, faciəni törədənləri kəskin ittiham edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş, sağlamlığını itirmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi qayğı göstərildiyini diqqətə çatdırıb.

20 Yanvar İctimai Birliyinin sədri Sultan Əzimzadə təmsil etdiyi təşkilatın bu şərəfli tarixin təbliğ edilməsi istiqamətində rolundan danışıb.

M.MİRZƏ,

"Respublika".