“Atanız qəhrəmandır, o əbədi yaşayır!
Sosial həyat

“Atanız qəhrəmandır, o əbədi yaşayır!"

Ağcabədi rayonunun vətənərvər oğullardan biri də Vətən müharibəsi şəhidi Anar Eyvaz oğlu Cəfərovdur. Anar 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində dünyaya göz açıb. 1984-cü ildə 7 saylı şəhər tam orta məktəbinə daxil olub. Sonra təhsilini Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirib. Məktəbi bitirdikdən sonra sürücü işləyib. Həmçinin, şəxsi təsərrüfatla məşğul olub.

Anar Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib. Xüsusi hərbi kurs bitirərək "Həmlə" taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilib. Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 20 yanvar 2017-ci ildə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini tuşlayıcı minaatan olaraq davam etdirib.

Anar Cəfərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonu - Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Anar Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətənə xidmətə görə" medalları ilə təltif edilib.

Şəhidin həyat yoldaşı Samirə Xudiyeva: "Bir gün gəldi ki, hərbiyə gedəcəyəm. Torpağımı qorumaq bir vətəndaş kimi mənim də borcumdur. Elə həmin vaxtdan Anar hərbçi oldu. Xidmətindən 3 il keçdi. Soruşdum, Anar, yenə müqavilə bağlayacaqsan? Bir də gördüm müqavilə kağızının şəklini atdı mənə ki, artıq 5 illik yenidən müqavilə bağlamışam. O bilirdi bu münaqişənin sonu müharibədir. Vətəninə, millətinə çox bağlı idi. 2020-ci il hələ müharibə başlamamışdı, sentyabrın 21-26-dan Anargil təlimlər keçirdi. 25-i idi, getməmişdən bir gün qabaq mənə dedi ki, Samirə, gəl, qapını, evləri təmizləyək. 26 sentyabr saat 4-də Anar evimizdən çıxdı. Bizimlə həmişə görüşən Anar həmin günü bizim üçümüzə də baxmadan getdi. 26-sı gecəsi dedim gələcəksən evə? Dedi ki, silahları təhvil versəm, gələcəyəm. Ancaq gəlmədi, elə axırıncı görüşümüz də o oldu.

Hər gün telefonla danışırdıq. Son danışığımız 2 oktyabrda, saat 11 aralığında oldu. Deyirdi ki, hər şey yaxşıdır. Qələbə bizimdir, narahat olma. Deyirdi, ay Samirə, bizim şəhid olanlardan nəyimiz artıqdır ki? O, Vətənə, millətə çox bağlı idi. Son danışığımız zamanı dedi uşaqlarımızı sənə tapşırıram, səni də Allaha. Mən bilirəm ki, sən güclü qadınsan, sən öhdəsindən gələ bilərsən! Hələlik, nəsib olsa, görüşərik...

3 oktyabr zəngini gözləyirdim, ondan xəbər yox idi. Anarın əmisi gəlini Günelə dedim ki, çox güman Anar şəhid oldu, mənə zəng eləmədi... Həmin vaxtı hava da dolmuşdu, çiskin idi. Sanki ürəyimə danmışdı. Anarın qardaşı İftixar mənə zəng etdi ki, bacı, evdəsən? Dedim ki, nə olub? Mənə dedi ki, heç nə olmayıb qayıdıram sizə, işim var. Ondan sonra elə qışqırdım ki, qonum - qonşu burdaydı. Dedim, Günel, sənə dedim ki, bu gün Anarın şəhid xəbəri gələcək. Anarı Ağcabədi xəstəxanasına yerləşdirmişdilər. 4-ü günü səhər saat 10-da gətirəcəkdilər. Uşaqlar qapıbir əmisigildə idilər. Əmisi qızları apardılar ki, səs-küydən qorxmasınlar. Mən getdim balalarımı çağırdım dedim ki, sizin atanız qəhrəmandır, atanız şəhid olub. Xocalıda öldürülən sizin boyda uşaqların intiqamını illər keçsə də, bu gün alıb. Ağlamayın, sizin atanız şəhiddir, sizin atanız qəhrəmandır, o əbədi yaşayır, ölməyib!

Mənim övladlarım atasız qalsalar belə, mən ailəmlə fəxr edirəm! Mənə bayraq veriləndə sevə-sevə öpdük. Gələcəyin iki əsgəri mənim evimdədir. Allah şəhidlərimizə rəhmət eləsin!".

Şəhidin yaşadığı küçəyə onun adı verilib.

M.MİRZƏ,

"Respublika".