Sabirabadda toxum sərgi-satış yarmarkası
İQTİSADİYYAT

Sabirabadda toxum sərgi-satış yarmarkası

Sabirabad şəhəri Heydər Əliyev adına parkda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə toxum sərgi-satış yarmarkası keçirildi. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqroservis" ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak etdilər.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, ölkəmizdə taxılçılığın intensiv metodlarla inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İri fermer təsərrüfatlarında tətbiq olunan müasir metodlar ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca rol oynayır. İri taxılçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq əldə edilir ki, bu da idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Sabirabadda toxum sərgi-satış yarmarkasının keçirilməsi rayon fermerləri üçün olduqca əhəmiyyətlidir. Rayonun fermerləri dövlətimizin dəstəyindən yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə sanballı töhfələr verir, intensiv texnologiyaların tətbiq edilməsi sayəsində taxıl və digər kənd təsərrüfatı məhsulları istehsalını ildən-ilə artırırlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlət Agentliyinin sədri Mirzə Əliyev çıxışında göstərdi ki, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətimizin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Kənd təsərrüfatının əsasını təşkil edən, strateji əhəmiyyət daşıyan taxılçılıq xüsusi önəm kəsb edir. Odur ki, bu sahənin inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Ölkə rəhbərimiz İlham Əliyev tərəfindən 2022-ci il iyulun 19-da "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman imzalanması da ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edir.

M.Əliyev eyni zamanda, bildirdi ki, toxum sərgi-satış yarmarkalarının keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, "Seleksiyaçı-toxumçu-istehlakçı" zəncirlərinin real qarşılıqlı əlaqələrinin qurulması, işgüzar və səmərəli keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Yarmarkada həmçinin əkin materialı kimi sertifikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu və digər mövzularda kənd təsərrüfatı mütəxəssisləri tərəfindən fikir mübadiləsi aparıldı.

Tofiq HÜSEYN,

"Respublika".