Əmlak Məsələləri Dövlət Xidmətinin uğurlu göstəriciləri 
İQTİSADİYYAT

Əmlak Məsələləri Dövlət Xidmətinin uğurlu göstəriciləri 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Qurumun mətbuat xidməti bildirir ki, Dövlət Xidmətinin rəisi Mətin Eynullayev ötən il ərzində görülən işlər və bu il üçün nəzərdə tutulan tədbirlər barədə media nümayəndələrini məlumatlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlardan danışan qurum rəhbəri deyib ki, Xidmət tərəfindən dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrində, həmçinin azad edilmiş ərazilərinin bərpası və quruculuğu ilə bağlı aidiyyəti tədbirlərin icrasına prioritet verilməklə müvafiq işlər görülüb.

Ötən il ərzində Xidmətin fəaliyyət istiqamətlərində 46 dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından milyona yaxın elektron müraciət daxil olub. Xidmət tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak üçün yaradılan geniş imkanlar prosesin sürətlənməsinə və investisiyaların cəlb olunmasına istiqamətlənib. 2022-ci il ərzində 304 kiçik dövlət müəssisə və obyekti, 16 açıq səhmdar cəmiyyətinin səhmləri, 262 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi, 513 nəqliyyat vasitəsi özəlləşdirilib. Keçən il dövlət əmlakının özəlləşdirilməsi məqsədilə ümumilikdə 60 hərrac təşkil edilib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi" haqqında 7 aprel 2022-ci il tarixli Fərmanı çərçivəsində görülən işlər barədə də məlumat verilib.

Nəriman CAVADOV,

"Respublika".