Qürurla anırıq: Mirəsgər Seyidov
Sosial həyat

Qürurla anırıq: Mirəsgər Seyidov

Erməni vandalları son 200 ildə həmişə xalqımıza qarşı düşmənçilik mövqeyində olmuş, yurdumuzda vəhşiliklər törətmiş, dinc insanları amansızlıqla qətlə yetirmişlər.

Azərbaycanın cəsur və igid oğulları istər Birinci Qarabağ savaşında, istərsə də 44 günlük Vətən müharibəsində daşnaklara qarşı qeyrətlə vuruşmuş, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumuşlar.

Belə qəhrəman oğullarımızdan biri də  adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Mirəsgər Mirabdulla oğlu Seyidovdur.

Mirəsgər Seyidov 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində dünyaya göz açmışdır. Orta məktəbdə təhsil aldığı illərdə çalışqanlığı ilə müəllimlərinin hörmətini qazanmış, idmana böyük həvəs göstərmişdir.  

Mirəsgər 1987-ci ildə 39 saylı Naxçıvan şəhər orta məktəbini bitirdikdən sonra, 1988-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə yollanmış, əsgəri borcunu yerinə yetirərək doğma yurdu Naxçıvana qayıtmışdır.

Erməni daşnaklarının “Böyük Ermənistan” yaratmaq xülyası ilə törətdikləri vəhşiliklər qədim Naxçıvan torpağından da yan keçməmişdir. Erməni yaraqlıları Naxçıvanın kəndlərinə aramsız hücumlar edir, bu torpaqları Azərbaycandan qoparmağa çalışırdılar. Bu çətin günlərdə Vətənin igid oğulları öz canları, qanları bahasına ərazilərimizi yağı düşməndən igidliklə qoruyurdular.

M.Seyidov könüllü olaraq Babək rayonu Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunun tərkibində vuruşur, odlu səngərlərdə düşmənin başına od ələyirdi.

Döyüş yoldaşları arasında igidliyi və cəsurluğu ilə fərqlənən M.Seyidov bir neçə dəfə ən çətin məqamlarda döyüşçü dostlarının köməyinə çatmış, erməni daşnaklarına sarsıdıcı zərbələr endirmiş, heç vaxt ölümündən qorxmamışdır. Onun son döyüşü isə 1992-ci il iyun ayının 14-də olmuşdu. M.Seyidov yoldaşlarını xilas edərkən ağır yaralanmış və şəhidlik zirvəsinə ucalmışdır. Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.  

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı Fərmanı ilə Mirəsgər Seyidov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Qəhrəman döyüşçünün adı əbədiləşdirilmiş, təhsil aldığı 15 saylı Naxçıvan şəhər orta məktəbinə onun adı verilmişdir.

Qədir ASLAN,
“Respublika”.