Qitələrə ayrılan yollar...
Elm və təhsil

Qitələrə ayrılan yollar...

Elm, yaradıcılıq elə bir xəzinədir ki, nə qədər çox əmək sərf etsən bir o qədər artar, genişlənər, şaxələnər...

Azərbaycan xalqı həmişə öz tarixini, ədəbiyyatını sevmiş, digər xalqların ədəbiyyatına da hörmətlə yanaşmışdır. Filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim etdiyi "Xarici ölkələrdə nəşr olunmuş - "İrəvan ziyalıları" (Rusiya, 2011, rus dilində); "Hüqo - fransız ədəbiyyatının milyarderi" (Fransa, 2015, fransız dilində); "İrəvan ziyalıları" (ABŞ, 2016, ingilis dilində); "Hüqo" (ABŞ, 2016, ingilis dilində); "Hüqonun Şərq baxışı" (İngiltərə, 2016, ingilis dilində), "Volter və Hüqonun Şərq baxışı" (Kanada, 2016, ingilis dilində); "Şərq Volter yaradıcılığında" (Hindistan, 2017, ingilis dilində); "Volter və Hüqonun Şərq dünyası" (İsveç, 2018, ingilis dilində) kitabları həmin fikri əsaslı surətdə təsdiq edir.

Müəllifin "İrəvan ziyalıları" kitabının Sankt-Peterburq nəşrinin ön sözünün müəllifi professor B.Starkov əsərdən bəhs edərkən yazır: "...Bu kitab İrəvan tarixi və onun azərbaycanlı sakinləri haqqındadır. Həm də müəllif hər səhifədə onu göstərməyə çalışır ki, İrəvan Azərbaycan şəhəridir və onun qədim bir tarixi var. Öz fikirlərini təsdiq etmək üçün müəllif Erməni Sovet Ensiklopediyasından bir sitat gətirir orada, 571-ci səhifədə yazılıb ki, XVI əsrin sonlarından XIX əsrin sonunadək və 1920-ci illərdə İrəvan Azərbaycana məxsus idi".

"İrəvan ziyalıları"nın istər Sankt-Peterburq, istərsə də ABŞ nəşrlərində ümummilli lider Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr fərmanı və "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart fərmanı öz əksini tapmışdır.

Kitabın ABŞ-da ingilis dilində nəşr olunmuş variantında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, - "Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı digər bölgələr bizim tarixi torpaqlarımızdır", - fikirləri bütün qitələrə bir mesaj olaraq səslənir.

Əsərdən bəlli olur ki, 1885-1895-ci illərdə İrəvan gimnaziyasında dərs demiş, görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli yazırdı ki, şəhri İrəvan, üləma, füzəla və şüəra şəhəri - alimlər, şairlər və din xadimləri şəhəri olmuşdur.

Kitabda göstərilir ki, İrəvandan olan neçə-neçə görkəmli şəxsiyyətlər öz doğma şəhərinə bağlılığını, torpağına olan sevgisini bildirmək üçün özünə "İrəvani" təxəllüsünü götürmüşlər: Mirzə Qədim İrəvani, Fazil İrəvani, Aşub İrəvani, Axund Molla İrəvani, Əbülqasım İrəvani...

Əsərdə o da aydın olur ki, Avropanın və Rusiyanın ali məktəblərində təhsil alan A.A.Şeyxülislamov, Y.Mirbabayev, M.Erivanski, H.Şaxtaxtinski və digər görkəmli şəxsiyyətlər İrəvanda fəaliyyət göstərən təhsil ocaqlarının - xüsusilə gimnaziyanın məzunları olmuşlar.

XX əsrdə Azərbaycanın elm və mədəniyyətinə mühüm töhfələr vermiş əslən İrəvanlı olan akademiklər - M.Topçubaşov, H.Hüseynov, bəstəkar S.Rüstəmov, xalq rəssamı K.Əliyev, kinorejissor H.Seyidzadə, şair Ə.Cəmil və s. bu kitabın əsas araşdırma hədəflərindən olmuşlar.

 "İrəvan ziyalıları"nda haqqında bəhs edilən görkəmli şəxsiyyətlərdən biri - Əziz Əliyev də İrəvan gimnaziyasını qızıl medalla bitirmiş, Peterburq Tibbi-Hərbi Akademiyasına daxil olmuş, doğulduğu şəhərdə yaranmış iğtişaşlarla bağlı təhsilini yarımçıq qoymuşdur. O, 1923-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuş, oranı bitirdikdən sonra Azərbaycan səhiyyə nazirinin müavini, 1932-ci ildə isə Azərbaycan Tibb İnstitutunun rektoru təyin olunmuşdur. 1935-ci ildə namizədlik, iki il sonra doktorluq dissertasiyasını müdafiə etmiş, 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin üzvü, 1941-ci ildə isə Azərbaycan KP MK-nın katibi seçilmişdir.

1942-1948-ci illərdə Əziz Əliyev Dağıstan Muxtar Respublikasının birinci katibi vəzifəsində çalışmışdır.

Tədqiqatçıların dönə-dönə vurğuladığı kimi, professor Ə.Zeynalov Azərbaycan ədəbiyyatşünaslığında yeganə tədqiqatçıdır ki, namizədlik işi ilə doktorluq dissertasiyasının hər birini fərqli dillərdə araşdıraraq tədqiq etmişdir. Belə ki, o, namizədlik dissertasiyasını erməni dilində, doktorluq dissertasiyasını isə fransız dilində olan mənbələr əsasında yazmışdır.

Ümumiyyətlə, professor Ə.Zeynalovun Azərbaycan, rus, fransız və erməni dillərində tədqiqat apara bilməsi onun yaradıcılığı üçün geniş imkanlar açmış, yüksək səviyyəli əsərlər yaratmasına səbəb olmuşdur. Bu baxımdan, azərbaycanlı alimin əsərləri bütün qitələrə yayılmışdı.

Ə.Zeynalov təkcə respublikamızda deyil, beynəlxalq miqyasda özünü fransız ədəbiyyatı üzrə təsdiq etmiş mütəxəssis alimdir. 2003-cü ildə o, "Fransız ədəbiyyatında Şərq" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Onu da ayrıca diqqətə çatdırmaq lazım gəlir ki, fransız ədəbiyyatından ilk doktorluq dissertasiyası, Volter və Hüqo haqqında ilk monoqrafiyalar bu məhsuldar araşdırıcının qələminə məxsusdur. Öncə, Bakıda Azərbaycan, fransız, ingilis dillərində nəşr olunan Volter və Hüqo haqqında monoqrafiyalar sonralar Avropa və Amerika ölkələrində işıq üzü gördü.

Dövlət Mükafatına təqdim olunmuş bu əsərlərdə nədən bəhs olunur?

Ə.Zeynalov "Şərq Volter yaradıcılığında" (Hindistan) və "Volter və Hüqonun Şərq baxışı" (İsveç) monoqrafiyalarının XVIII əsr dahi fransız ədibi Volterin Şərq mövzusunda yazdığı əsərləri tədqiqata cəlb etmişdir. Kanadada nəşr olunmuş "Volter və Hüqonun Şərq baxışı" əsərində də bu mövzuya yığcam şəkildə müraciət etmişdi.

Tədqiqatçı "Şərq Volter yaradıcılığında" əsərində onu da diqqətə çatdırır ki, Volter səkkiz cilddən ibarət "Esse"lərin ayrı-ayrı cildlərində Hindistan mədəniyyətindən bəhs etmişdir. Fransız ədibi "Esse"lərin II cildində Hindistan mədəniyyətinə yenidən qayıdaraq yazırdı: "Hindlilərdən yazmaq qərarına gəlirəm. Onların ruhu artıq onların kəşflərindəki oyunlarına oxşayır. Qısacası, hindlilərin kəşfi olan şahmat oyunu müharibənin təsviridir. Bizim istifadə etdiyimiz şifrələri Şarlömanın vaxtında ərəblər Avropaya gətirmişdilər".

Tədqiqatda ən maraqlı məqamlardan biri Volterin "Esse"lərində türklər haqqında fikirlərdir. Fransız ədibi "Esse"lərdə türklərə ümumiyyətlə xoş münasibət bildirmiş və onların keçdiyi döyüş yerlərini qısaca olaraq belə səciyyələndirmişdir: "V əsrdə onlar Roma imperiyasını darmadağın etdilər, İspaniyanı və romalıların Afrikada malik olduğu yerləri tutdular, sonralar Babilistan xəlifələrini özlərinə tabe etmələrinin şahidi olduq".

Ə.Zeynalovun "Şərq Volter yaradıcılığında" əsərində Volterin müsəlman aləminə baxışı da ciddi maraq doğurur. Öncə, fransız ədibinin Şərq qaynaqlarına münasibət bildirmiş və göstərilir ki, "Esse"lərdə Şərq elminin, mədəniyyətinin, Avropanı bir neçə əsr qabaqladığını və ikinciyə təsirini təkzibedilməz faktlarla sübuta yetirir.

"Volter və Hüqonun Şərq dünyası" (İsveç-2018) monoqrafiyasında isə tədqiqatçı Hindistan nəşrinə fransız ədibinin "Zairə" və "Skiflər" faciələrini əlavə etmiş, ikincinin "Kitabi-Dədə Qorqud" dastanı ilə müqayisəsini aparmışdı.

Professor Ə.Zeynalov fransız ədibinin fikirlərini heç də sakit bir şəkildə, ehkam kimi qəbul etməyib, lazım gəldikdə öz düşüncələrini, münasibətini bildirmişdir.

Hüqo haqqında qələmə aldığı monoqrafiyalarda tədqiqatçı alim fransız ədibinin yaradıcılığına ümumi şəkildə nəzər salmış, əsərlərinin Azərbaycan dilinə tərcümə olunub, araşdırılmasına diqqət yetirmiş, poeziyası və nəsr əsərləri ("Səfillər və Paris Notrdam kilsəsi" romanları) geniş surətdə təhlil süzgəcindən keçirilmişdi. Onu da xatırlatmaq lazım gəlir ki, müəllif V.Hüqonun şeirlərini orijinaldan dilimizə çevirib kitab şəklində nəşr etdirmişdir. Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə nəşr olunmuş Hüqonun "Səfillər" (2005) romanının latın qrafikası ilə ön sözü, habelə yazıçının nəşr edilmiş "Seçilmiş əsərləri" kitabındakı ön sözləri də Ə.Zeynalovun qələminə məxsusdur.

Professor Əsgər Zeynalovun istər "İrəvan ziyalıları", istərsə də fransız ədəbiyyatına aid monoqrafiyaları dünyanın 30-a qədər dövlətinə yayılmışdır.

Azərbaycan Dillər Universitetinin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının akademiki, Almaniya Avropa Təbiət Elmləri Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor Əsgər Məmməd oğlu Zeynalovun Rusiya, Fransa, ABŞ, İngiltərə, Kanada, Hindistan və İsveçdə nəşr olunmuş "İrəvan ziyalıları" Azərbaycan Respublikasının Dövlət Mükafatına tamamilə layiqdir.

Novruz MƏMMƏDOV,

ADU-nun Elmi İşlər üzrə prorektoru, professor.