“Qisas
Siyasət

“Qisas" əməliyyatı separatçılara və onlara qoşulmuş hərbi birləşmələrə sarsıdıcı zərbə, ciddi dərs oldu

Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Son dövrlərdə Azərbaycanın Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələri davamlı olaraq Ordumuzun hərbi hissələrinə qarşı təxribatlar, terrorlar törədirdilər. Erməni separatçıları bu təxribatları ilə Azərbaycan dövlətini sərt və qətiyyətli anti-terror tədbirlər həyata keçirməyə məcbur etdi. Rəşadətli ordumuz tərəfindən dərhal yerinə yetirilmiş "Qisas" hərbi əməliyyatı çərçivəsində düşmənə sarsıdıcı zərbələr vuruldu.

Bu, yalnız hərbi deyil, həm də siyasi zərbə idi və Ermənistanı bir daha yerinə oturtmaq, növbəti dəfə kimin kim olduğunu göstərmək üçün vacib idi. "Qisas" əməliyyatının uğurlu nəticəsi sayəsində Laçın və Kəlbəcər istiqamətində strateji yüksəkliklər - Sarıbaba ordumuzun nəzarətinə keçdi. Bundan başqa, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ istiqamətində mühüm yüksəklik olan Qırxqızda da mövqelərimiz təmin olundu.

Avqustun 12-də Prezident cənab İlham Əliyevin İsmayıllı rayonunun Basqal kəndinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə "Qisas" əməliyyatı barədə fikirləri xüsusilə diqqət çəkir: "Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal "Qisas" əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz".

Cənab Prezident, Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, "Qisas" əməliyyatı bir daha Azərbaycanın gücünü, qüdrətini göstərdi.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, yeni-yeni nailiyyətlərə imza atır. Ölkəmizin davamlı inkişafı, güclənməsi, regionda güc mərkəzinə çevrilməsi dostlarımızı sevindirir və qürurlandırır, düşmənimiz üçün isə göz dağıdır. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Müstəqil dövlətimiz Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin şərəfli yüksəliş, inkişaf, davamlı tərəqqi dövrünü yaşayır. Əldə olunan nailiyyətlər Azərbaycanın bütün sahələrini, o cümlədən ordu quruculuğu və ölkəmizin müdafiə qabiliyyətini gücləndirilməsi sferalarını da əhatə edir.

Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməli, təxribatlara son qoymalıdır. Azərbaycan tərəfindən irəli sürülən və 5 bənddən ibarət olan sülh təklifi Ermənistan üçün son şansdır. Təbii ki, dövlət başçısı cənab İlham Əliyevin bu kimi bəyanatları, xəbərdarlığı bir daha təsdiqləyir ki, Azərbaycan sürətlə inkişaf edib, ötən əsrin 90-cı illərinin əvvəlindəki Azərbaycan deyil. Bu gün diktə edən tərəf qalib Azərbaycandır. Hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Əks təqdirdə, dəfələrlə bəyan edildiyi kimi, "dəmir yumruq" yerindədir. Prezident cənab İlham Əliyev müsahibəsində bu bəyanatı da səsləndirdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki bu, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz.

Dövlətimizin başçısının "Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur" fikirləri özündə gerçəkliyi əks etdirən və Ermənistana, onun havadarlarına ünvanlanmış ciddi xəbərdarlıqdır. Qarabağ münaqişəsi tarixə qovuşub. Danışıqlar masasında hər hansı statusdan söhbət getmir və Qarabağ ermənilərinə heç bir status verilməyəcək. Onlar da digər Azərbaycan vətəndaşları kimi qanunlarımız çərçivəsində yaşamalıdırlar. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən getdiyi məqamda dövlətimiz tərəfindən təklif olunan sülh şərtlərində belə bir məqam diqqət çəkir ki, onların hüquqları və təhlükəsizliyini Azərbaycan təmin edəcək. Münasibətlərdə yeni səhifənin açılması Ermənistanın sülh danışıqlarına başlanması istiqamətində atacağı addımlara bağlıdır. Prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Bundan əlavə, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsələni uzatmağa son qoymalı və konstruktiv mövqe nümayiş etdirməlidir. İstər Paşinyan hakimiyyətinin, istərsə də onun yerinə nə zamansa gələ biləcək hər hansı digər hakimiyyətin başqa alternativi yoxdur.

Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan da 10 noyabr razılaşmalarına əməl etməlidir. 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmalı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. "Qisas" əməliyyatından sonra Ermənistan qanunsuz hərbi birləşmələrini Qarabağ ərazisindən çıxarmağa başlayıb. Görünən odur ki, erməni tərəfi cəzalandırıldıqdan sonra müəyyən qədər ağıllanır. Dövlətimizin başçısının dediyi kimi, əgər Ermənistan prosesi uzatmaqla bir-iki il ərzində vəziyyətin öz xeyrinə dəyişəcəyini gözləyirsə, yanılır. Çünki həm geosiyasi proseslər, həm də artan gücümüz vəziyyətin bundan sonra da Azərbaycanın xeyrinə olacağını sübut edir.

Laçın dəhlizi ilə bağlı məsələlərə toxunan cənab Prezident yeni alternativ yolun istifadəyə verilməsindən sonra vətəndaşlarımızın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını bildirib. Yəni orada məskunlaşmış ermənilər ərazini tərk edəcək, bundan sonra həmvətənlərimizin doğma yurdlarına qayıdışı məsələləri həll olunacaq. Artıq həmin ərazilərdə qanunsuz məskunlaşdırılan ermənilərin köçürülməsi prosesi başlayıb.

Bəli, erməni tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalı, sülhə gəlmək üçün müsbət addımlar atmalıdır. Əks halda, qeyri-konstruktiv mövqe məhz rəsmi İrəvan üçün problemlər yaradacaq. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə daha da möhkəmlənəcək. Əminliklə deyə bilərik ki, qarşıdakı dövrdə də dövlət başçısı cənab İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq. Artıq ölkəmiz regionda yeni reallıqlar yaradıb və bu reallıqların praktiki mərhələyə keçməsi üçün əməli addımlar atır. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib.

Şübhəsiz, "Qisas" əməliyyatından sonra Ermənistan yenidən gerçək reallığa qayıtmış və Azərbaycanla hesablaşmalı olduğunu təkrar anlamışdır. Bütün bunlar bir daha göstərdi ki, cənab Prezidentin dəfələrlə "nəyi və nə vaxt edəcəyi" barədə fikirləri müdrik, uzaqgörən və qətiyyətli siyasətin təzahürüdür.

Emin QASIMOV,

 "Respublika".