“Qırmızı Körpü” gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

“Qırmızı Körpü” gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı cinayət işi başlanıb

İyunun 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) “Qırmızı Körpü” gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı Qazax Rayon Prokurorluğuna məlumat verilib.

Qazax Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla rayon sakini Nicat Abdullayevin iyunun 30-da saat 19 radələrində idarə etdiyi “Renault” markalı yük avtomobili ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən DGK-nın “Qırmızı Körpü” gömrük postunda xidməti vəzifələrini icra edən “Azərterminal Kompleks Birliyi”nin inspektoru Murad Məmmədovun avtomobilin yoxlanışına dair tələbinə etiraz edərək mübahisə etdiyi, daha sonra növbəti gün mübahisəni davam etdirərək üzərində gəzdirdiyi bıçaqla Murad Məmmədovu vurmaq istəyərkən onun qarşısını alan digər gömrük əməkdaşı Ramil Qocayevə bıçaqla xəsarət yetirərək müqavimət göstərdiyi müəyyən olunub.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir.

AZƏRTAC