Qəbələ: Təqaüdlərin artırılması daha məsuliyyətlə və həvəslə çalışmağımıza sövq edir
Region

Qəbələ: Təqaüdlərin artırılması daha məsuliyyətlə və həvəslə çalışmağımıza sövq edir

Respublika Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsinin vəsaiti hesabına tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən artırılıb. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr də digər tələbələr kimi, təqaüdlərin artırılmasını daha məsuliyyətlə və həvəslə çalışmağa sövq etdiyini bildirdilər. Onların bir neçəsi ilə həmsöhbət olaraq fikirlərini öyrəndik.

İlk həmsöhbətim olan tələbə Bahar Abbasova qeyd etdi ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Qənnadçı, şirniyyatçı" ixtisasında təhsil alıram. Peşə təhsili sahəsində nəticələrə əsaslanan təqaüd sisteminin qurulması və peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə təqaüdlərin onların qiymətləndirmə nəticələrinə görə verilməsi məni çox sevindirir. Bu ildən təqaüdlərin bir daha artmasına sevinirəm və bu öz üzərimdə daha da çox çalışmama stimul oldu. Buna görə Prezidentimiz İlham Əliyevə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Mərkəzin Mehmanxana və Restoran işinin təşkili və idarə edilməsi ixtisasının tələbəsi Mikayıl Mikayıllı bildirdi ki, tələbələrin aylıq təqaüdlərinin məbləğinin artırılması haqqında xəbəri böyük minnətdarlıq hissi ilə qarşılandı. Hər zaman tələbələrə maddi və mənəvi dəstək olduğuna görə Prezidentimizə xüsusi təşəkkürümü bildirirəm və ona möhkəm cansağlığı, uzun ömür, dövlətimizin inkişafı naminə şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni nailiyyətlər, uğurlar arzulayıram.

Şükufə İsmayılova ("Xalça" ixtisasının tələbəsi): Prezidentimizin biz tələbələri düşünüb təqaüdlərə artım etməyi bizləri çox sevindirdi və yüksək motivasiya verdi. Mənim üçün həyatda əsas amillərdən biri təhsilimdir. 2023-cü ilin mənə böyük uğur gətirəcəyinə ümid edirəm. Sevindirici haldır ki, daim bizə dəstək olan dövlətimiz yeni ilin ilk günlərində bizi yenə də sevindirdi.

Yusif Ağammədov ("Elektrik qaz qaynaqçısı" ixtisasının tələbəsi): Prezidentimizin təhsilimizə və tələbələrə göstərdiyi dəstək misilsizdir. Onun müvafiq Sərəncamı ilə tələbə təqaüdlərinin artırılması bizləri ürəkdən sevindirib və təhsilə olan marağımızı daha da artırıb. Bütün bunlara görə Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Təqaüdlərin artırılması bütün tələbələr kimi məni də sevindirir. Bu bir tələbə kimi məni daha məsuliyyətlə və həvəslə çalışmağa sövq edir.

Əli Əfəndiyev ("Veb dizayn və proqram təminatı" ixtisasının tələbəsi): Təqaüdlərin artırılması xəbəri bizləri çox sevindirdi. Prezidentimizin bu sərəncamı hər zaman tələbələrin yanında olmağının, daim tələbələri düşünməyinin daha bir sübutudur. Biz də həmişə Prezidentimizin yanındayıq, onun əsgərləriyik.

                                   M.NƏRİMANOĞLU,

                                   "Respublika".