Qarabağ zəfərinin qəhrəmanı: Azərbaycan əsgəri!..
Türk dünyası

Qarabağ zəfərinin qəhrəmanı: Azərbaycan əsgəri!..

2020-ci il, 10 dekabr. Azadlıq meydanı. Son dövr tariximizdə çox hadisələrin şahidi olmuşdu bu meydan. Azadlığa, müstəqilliyə gedən tarixi yolumuz da buradan başlamışdı. Düşmən üzərində tarixi qələbəmizdən sonra təntənəli, möhtəşəm hərbi paradı da buradan izləmişdik. Öz gücünü, yenilməzliyini bütün dünyaya nümayiş etdirən Azərbaycan Ordusunun səf-səf düzülən cərgəsinə baxıb qürur duymuş və cəsarətlə söyləmişdik: “Mənim ordum məni qoruyur!” Elə o zaman müdriklərdən birinin söylədiyi: “Ordum varsa, yurdum da var!” kəlamının həmişə olduğu kimi, indi də reallıq olduğuna sevinmişdik. Bəli, bu ordu mənimdir, sənindir, bizimdir!..

Hər bir dövlətin gücünü onun hərbi potensialı, müdafiə qabiliyyəti müəyyən edir. Silahlı qüvvələrin gücü təkcə ölkənin hərbi qüdrəti demək deyil, bu, eyni zamanda, dövlətin beynəlxalq siyasət və təhlükəsizlik arenasında mövqeyinin qorunması baxımından da əhəmiyyətli faktordur. Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli orduya malikdir.

Təbii ki, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi deyil. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. “Bizim hərbi potensialımız daha da artmalıdır” - deyən dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həllində hərb yolunun da qaçılmaz olduğunu vurğulayırdı: “Bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur”. Azərbaycan dövlətinin və xalqının heç vaxt Dağlıq Qarabağa heç bir statusa razılıq verməyəcəyini əsas prinsip kimi vurğulayan Prezident İlham Əliyev deyirdi: “Prinsiplər bundan ibarətdir. Biz danışıqları bu prinsiplər əsasında davam etdirməyə hazırıq və əgər qarşı tərəf də belə addımlar atarsa, məsələ tezliklə öz həllini tapa bilər. Bununla bərabər, o da heç kəsə sirr deyil ki, biz hərbi gücümüzü artırırıq və artıracağıq...”

Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərdi. Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir. Bu, həm də müzəffər ordumuzun öz tarixi missiyasını uğurla yerinə yetirdiyini göstərir.

Bəli, danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Laçın, Şuşa işğaldan azad olundu. Üçtərəfli bəyanat imzalandı. Bakıda keçirilən “Dəmir yumruq” adlı Zəfər paradı, nümayiş etdirilən ən müasir hərbi texnika, nizami ordu göstərdi ki, müharibədə beşinci nəsil hərbi texnikanın tətbiqi ilə düşmənə ölümcül zərbə vuran Azərbaycanın qarşısında dura biləcək qüvvə yoxdur: “Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik” - deyən Prezident İlham Əliyev ordumuzun qələbəsini bir daha dəyərləndirdi.

Azadlıq meydanında hərbi paradı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə izləməsi onu göstərdi ki, hər iki dövlət, xalq arasındakı qardaşlıq əbədi, sarsılmazdır. Azərbaycanın qələbəsi həm də Türkiyənin qələbəsidir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi. Hər bir Azərbaycan vətəndaşı o paradı izləyərkən də eyni sevinci yaşadı, Şuşada keçirilən “Xarıbülbül” festivalı, iki dövlət arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Bəyannamə xalqımızın sevincinə sevinc qatdı.

26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü. Hər il qeyd edilən bu bayramı bu il xalqımız daha böyük sevinc və qürur hissi, qalib bir ölkənin vətəndaşı kimi qeyd edir. Bu gün bizim üçün daha sevinclidir, çünki Azərbaycan ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Dövlət başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11365 nəfər “Füzulinin azad olunmasına görə”, 11831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5867 nəfər “Qubadlının azad olunmasına görə”, 5784 nəfər “Şuşanın azad olunmasına görə”, 3522 nəfər “Ağdamın azad olunmasına görə”, 4225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2643 nəfər “Laçının azad olunmasına görə”, 10647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1743 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar. Prezidentin digər sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbiçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Ümumilikdə təltif olunanların sayı 76 min 349 nəfərdir.

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama görə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən 20-60 faiz həcmində əlavələr ediləcəkdir.

Bütün bunlar isə Azərbaycan ordusuna verilən dəyərin təzahürüdür. Azərbaycan ordusunun hər bir üzvünün buna haqqı çatır.

Bu böyük qələbəni bizə yaşadan, gözümüz kimi sevdiyimiz Vətəni kirpik kimi qoruyan məhz odur, Azərbaycan əsgəri!..

Zümrüd QURBANQIZI,

“Respublika”.