Qarabağ və Şərqi Zəngəzur nümunəvi bölgəyə çevriləcək
Siyasət

Qarabağ və Şərqi Zəngəzur nümunəvi bölgəyə çevriləcək

Azərbaycan Vətən müharibəsində təmin etdiyi böyük qələbəsi ilə regionda yeni reallıq yaradıb. Bu yeni reallıq region ölkələrinin baxışlarını dəyişib, gələcəyə daha inamla baxmağa imkanlar formalaşdırıb. Azərbaycanla İran arasında, qonşu ölkələrin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni kommunikasiya bağlantılarının yaradılması haqqında imzalanmış Anlaşma Memorandumu regional əhəmiyyətli tarixi sənəddir.

Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması və region ölkələrinin əməkdaşlığı üçün yeni format razılaşdırılsa da, Ermənistan öz düşmənçilik xislətindən əl çəkməyərək bu Bəyanatın icrasının həyata keçirilməsinə konstruktiv yanaşmır və zamanı uzatmaqla, kommunikasiyaların açılmasını manipulyasiya etməklə özünün əlində hər hansı bir təsir vasitəsinin qaldığını nümayiş etdirməyə çalışır. Əslində imzalanmış üçtərəfli Bəyanatda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi vasitəsilə maneəsiz keçidin təmin edilməsi iə bağlı Ermənistanın rəsmi imza atdığı öhdəliyi mövcuddur. Bu dəhlizin açılması zamanın işidir və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər Ermənistan öz xoşu ilə Zəngəzur dəhlizinin açılmasında iştirak etməzsə, biz onu məcbur edəcəyik. Təbii ki, Zəngəzur dəhlizi hər şeydən əvvəl dalana salınmış Ermənistanın özü üçün bir ümid yeridir. Çünki qonşu ölkələrə olan ərazi iddiaları səbəbindən Ermənistanın həmin dövlətlərlə yolları bağlıdır. Amma Ermənistan yaranmış bu fürsəti lazımi qədər dəyərləndirə bilmədi.

Ermənistan daim Azərbaycan-İran münasibətlərində soyuqluğun yaranması üçün var gücü ilə çalışırdı və 2021-ci ildə Bakı və Tehranın qarşılıqlı münasibətlərində qısamüddətli, lakin görünməmiş səviyyədə gərginlik yaşandı. Lakin sonradan hər iki tərəf yenidən regional əməkdaşlıq ritorikasına dönməyi vacib saymış və münasibətlər də normallaşmağa doğru getməyə başlamışdır.

Belə ki, 2021-ci il noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad sammitində iştirakı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında çox səmimi ikitərəfli görüş baş tutdu. Prezidentlərin bu görüşü ilə İran-Azərbaycan münasibətlərində yeni səhifə açılmış oldu. İki ölkə lideri arasında söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə imkanları vurğulandı. Əslində prezidentlərin Aşqabad görüşü İran-Azərbaycan əlaqələrinə bir aydınlıq gətirdi və Ermənistanın arzularını puça çıxardı.

Prezident İlham Əliyevin müdrik, uzaqgörən dövlət başçısı olduğunu və beynəlxalq siyasətə ölkəmizin milli maraqlarından çıxış edərək çox məharətlə diplomatik gedişlər etdiyini deyən siyasi təhlilçilər, həmçinin vurğulayırlar ki, İran ilə Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu da növbəti uğurlu gedişdir. Azərbaycan "3+3" formatının yaradılmasını dəstəkləyir. Amma İranla imzalanan bu memorandum Ermənistansız da regionda yeni əməkdaşlıq formatının, yəni "3+2" formatının yaranacağından xəbər verir. Bu memorandumun imzalanması və İran ərazisindən 55 kilometr uzunluğunda yeni kommunikativ marşrutun yaradılması Ermənistanın regionda əhəmiyyətini tamamilə itirir. Vəziyyət onu göstərir ki, dalana düşən Ermənistan bundan sonra da dalanda qalacaq.

 Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında imzalanan Anlaşma Memorandumu çox böyük əhəmiyyətə malik tarixi sənəddir. Ermənistanın postmüharibə dövründə bütün hərəkətləri sübut edir ki, ondan hər hansı konstruktiv yanaşma gözləməyin heç bir mənası yoxdur.

Azərbaycan rəhbərliyi çevik siyasi gediş edərək İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək kommunikasiya xətlərinin çəkilməsi barədə Anlaşma Memorandumunu imzalaması dövlətimizin çox böyük diplomatik uğurudur.

Əvvəla, onu qeyd edək ki, Araz çayı üzərində salınacaq iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd körpünün, həmçinin rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədə keçəcək, tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini planlaşdırır. Prinsip etibarilə Araz çayının sağ sahilindən Ordubada gediş-gəlişi təmin edən yol əvvəldən olub. Təəssüf ki, 27 illik işğal prosesi digər yollar kimi, bu yolun da istifadəsini mümkünsüz edib. Yeni memorandumda isə artıq həmin yol Zəngəzur dəhlizi kontekstində şaxələnəcək. Vətən müharibəsi regionda bir çox reallığı əsaslı surətdə dəyişib. Rəsmi Bakı bunu istər region ölkələrinə, istərsə də regionda marağı olan böyük güclərə açıq-aşkar bildirir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionu, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib. Digər tərəfdən, Avropanın enerji təminatında həm ölkəmizin, həm də digər region ölkələrinin rolu əsaslı surətdə artıb.

İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin edəcəksə, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaqdır. Həmçinin layihənin Ermənistanın deyil, İranın ərazisindən keçməsi həmin ölkənin regionda rolunu da artıracaq. Anlaşma Memorandumunun qeyri-müəyyən müddətə bağlanması da bunu bir daha təsdiq edir.

Deməli, Zəngəzur dəhlizinin yaradılmasına hər vəchlə maneçilik törədən, onun blokadadan çıxması, dünyaya inteqrasiyasını sürətləndirmək gücünə malik olan bir layihənin dəyərini anlamayan Ermənistandan fərqli olaraq, İran tərəfi regional reallığı dərk edərək bu fürsətdən yararlanmağı bacardı.

Nəticə etibarilə İranla imzalanan Anlaşma Memorandumu Zəngəzur dəhlizini sıradan çıxarmır, əksinə, dəhlizin açılması üçün ölkəmizə Ermənistana birbaşa və kənar güclər fonunda əlavə təzyiq vasitələri qazandırır.

Postmüharibə dövründə beynəlxalq ictimaiyyətin Azərbaycana olan marağı daha da artıb. Bu maraq özünü böyük investisiya layihələrində də göstərir. Məhz liman, dəmir yolları, hava limanları, avtomobil yolları və digər infrastruktura investisiyaların qoyulması Azərbaycana yeni yaranan bu imkanlardan istifadə etmək üçün geniş imkanlar açır. Belə layihələrdən biri Horadiz -Ağbənd dəmir yolu xəttinin inşasıdır. Xəttin layihələndirmə və tikinti işlərini, həmçinin texniki nəzarəti Azərbaycan və Türkiyə şirkətləri yerinə yetirir. Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. 60 kilometri artıq hazır olan 110,4 kilometrlik dəmir yolunun 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Zəngəzur dəhlizinin yaradılması istiqamətində əməli addımlar atılıb. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolunun təməli qoyulub. Bu dəmir yolu xətti Zəngəzur dəhlizinin funksionallığını təmin edəcək çox mühüm infrastrukturdur. Ölkəmiz eyni zamanda, Zəngəzur dəhlizinin avtomobil yolu komponenti üzrə də işlərə start verib. Belə ki, ötən il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir.

Bütün bunlar onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimiz qısa zamanda bərpa ediləcək, Qarabağ və Zəngəzur nümunəvi bölgəyə çevriləcəkdir. Bu, həm də dünyaya nümunə olacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".