Qanunsuz ağackəsmə faktları ilə bağlı beş cinayət işi başlanılıb
Digər xəbərlər

Qanunsuz ağackəsmə faktları ilə bağlı beş cinayət işi başlanılıb

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkarlanması və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Lənkəran, Cəlilabad, İsmayıllı, Qax və Zaqatala rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində beş cinayət işi başlanılıb.

Dövlət və bələdiyyə torpaqlarında, həmçinin ağackəsmənin icazə verilmədiyi ərazilərdə meşə fonduna daxil olmayan və meşə fonduna aid olan ağacların kəsilməsi nəticəsində ümumilikdə 72 min manat ziyan dəyib. Qanunsuz ağackəsmə hallarının aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərilərinə düşən vəzifələrin icrasına səhlənkar yanaşması müəyyən edilib.

Cinayət işləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.4-cü və 314.1-ci maddəsi ilə başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə rayon prokurorluqlarına göndərilib.

AZƏRTAC