Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın legitim hüququdur
Digər xəbərlər

Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın legitim hüququdur

Ölkəmizin İkinci Qarabağ savaşında əldə etdiyi qələbə Azərbaycanın nüfuzunu beynəlxalq müstəvidə də bir daha artırdı.

44 günlük Vətən müharibəsi ölkəmizin yalnız hərb meydanındakı qələbəsi kimi yadda qalmadı, Azərbaycan bununla həm siyasət meydanında, həm diplomatik müstəvidə, həm də informasiya aləmində qalib tərəf oldu.

Dövlətimizin başçısının siyasi iradəsi, qətiyyəti, ən çətin anlarda düzgün qərar qəbul etmək bacarığı zəfərimizi şərtləndirən əsas amillərdən idi. Vətən müharibəsində təkcə Ermənistan yox, bütün anti-Azərbaycan dairələri məğlub edildi. Qazandığımız tarixi qələbənin ardınca diplomatik uğurlarımızın məntiqi nəticəsi kimi üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən azad edildi. Uzun müddət davam edən danışıqlar masasında Azərbaycanın diktə edən tərəfə çevrilməsi diplomatiya masasında da təsdiq edildi.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın birgə Bəyanat imzalaması ilə düşmən öz kapitulyasiyasını rəsmən təsdiqləmiş oldu. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Postmünaqişə dövründə əldə edilən qalibiyyətin, torpaqlarımızın azad edilməsinin əhəmiyyəti Ermənistanın təxribatları fonunda bir daha aydın şəkildə görünür. Belə ki, düşmən hər vəchlə öz xain xislətini bəlli etməyə çalışıb. Bunun nəticəsidir ki, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi məqsədilə Laçın sərhəd-buraxılış məntəqəsi qurulub. Məntəqənin qurulması təkcə Azərbaycanın suveren hüquqları çərçivəsində deyil, həmçinin bütün beynəlxalq qaydalara uyğun olaraq reallaşıb. Amma Ermənistan tərəfi hər zaman olduğu kimi, bu məsələyə də bir qulp qoydu. Məntəqə ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edən haylar növbəti dəfə rədd cavabı aldı. Çünki bütün dünya, eləcə də beynəlxalq qurumlar məntəqənin hüquqi baxımdan təsis olunduğunun fərqindədir. Bununla yanaşı, Laçında yaradılan sərhəd-nəzarət-buraxılış məntəqəsi Cənubi Qafqazda sülh və əməkdaşlıq yolunda atılan zəruri addımlardan hesab olunur. Şübhəsiz, Ermənistan regionda sülh olmasını istəyirsə, ölkəmizin suveren hüquqlarına hörmətlə yanaşmağa məcburdur. Çünki gediş-gəlişin təmin olunması üçün yaradılan nəzarət-buraxılış məntəqələri dünyanın bütün bölgələrində demək olar ki, mövcuddur. Amma Qafqazda sülh istəməyən bir sıra qüvvələr bu boşluqdan istifadə edərək yeni müharibə şərtləri formalaşdırmağa cəhd göstərirlər. Laçındakı nəzarət-buraxılış məntəqəsi Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə xidmət etməklə yanaşı, regionda təhlükəsizliyə də rəvac verəcək. Məntəqə Laçınla yanaşı, Zəngəzur dəhlizi böhranını da aradan qaldırmağa və bu istiqamətdə açar rolunu oynamağa xidmət edir. Çünki Ermənistanı Qarabağa birləşdirən marşrutun və Zəngəzurdan Naxçıvana gedən yolun eyni rejimdə işləməsi əsas tələblərdəndir. Yəni bu situasiyada Ermənistanın müəyyən dezinformasiyalar yayması sülh prosesini ləngitməkdən başqa bir şey deyil.

Avqustun 26-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak ediblər. Dövlətimizin başçısı tədbirdəki çıxışı zamanı bir daha Laçında yaradılmış nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti barədə danışıb: "Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".

Laçın-Xankəndi yolunda qurulan sərhəd-nəzarət-buraxılış məntəqəsi ölkəmizin növbəti uğuru, qələbəsi hesab olunur. Bu, həmçinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".