Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib
Digər xəbərlər

Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti prokurorluq orqanlarında da davam etdirilir. Ali hüquq təhsilli gənclərin müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edib. 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə işə qəbul edilmiş gənc hüquqşünaslar hazırda prokurorluğun kadr korpusunun 78,5 faizini təşkil etməklə, təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 19-da prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci - yazılı imtahan mərhələsi keçirilib.

Baş Prokurorluğun Müsabiqə Komissiyası imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə uyğun olaraq keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsini təmin edib. İmtahan prosesini müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 178 namizəd (o cümlədən 29 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun "İşin Təşkili Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimailəşdiriləcək. Eyni zamanda, bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat yerləşdiriləcək.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-62-23 və 492-06-82 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

AZƏRTAC