Ortaq tarixi köklərə əsaslanan qardaşlıq və strateji əməkdaşlıq
Türk dünyası

Ortaq tarixi köklərə əsaslanan qardaşlıq və strateji əməkdaşlıq

2 oktyabr 1995-ci ildə Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər qurulub

Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.  Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: "Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni  bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar".

Özbəkistanın o zamankı Prezidenti İslam Kərimovun Azərbaycana ilk səfəri 1996-cı ildə baş tutub. Səfər çərçivəsində iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Azərbaycan Prezidentinin 1997-ci ildə Özbəkistanın paytaxtı Daşkəndə səfərini isə iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsi kimi qiymətləndirmək olar. Səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında 19 sənəd imzalanıb. Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.

Prezident İlham Əliyevin bu il iyunun 21-22-də Özbəkistana tarixi dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafı üçün çox əhəmiyyətli hadisə olmuş və gələcək böyük nəticələrə inam yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşü zamanı ərazi bütövlüyümüzü bərpa edərkən Özbəkistan xalqının dəstəyini xüsusi qeyd edərək bildirdi ki, bu iki dost, qardaşlıq münasibətlərindən irəli gəlir: "Mənim Özbəkistana səfərim çox əlamətdar hadisədən - Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk". Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən Qarabağın bərpası işində qardaş köməyinə, Prezident Şavkat Miromonoviçin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə təşəkkürünü bildirərək vurğulayıb ki, işlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də  xüsusi qeyd edib  ki, Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqənddə səfərdə olub. Bu  səfər əlaqələrin yeni səviyyəyə yüksəlməsinə daha güclü impuls verdi. Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı, pambıqçılıq, trikotaj, nəqliyyat, sənaye, ticarət və digər sahələrdə əlaqələrimizin inkişafında konkret nəticələrin olduğunu bildirdi. Bütövlükdə iqtisadi-ticari əlaqələrimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı mədəniyyət xadimlərimizin qarşılıqlı təltif edilməsini müsbət hal kimi dəyərləndirdi. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi son 5 ildə 7 dəfə artıb, əgər 2016-cı ildə ticarət dövriyyəsi 17 milyon ABŞ dolları idisə, 2021-ci ilin sonuna bu rəqəm 120 milyon dollara yaxın olub. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı hər iki tərəfdən 100-dən çox iri müəssisənin nümayəndələrinin iştirakı ilə böyük biznes-forum keçirildi, bu tədbirdə 500 milyon ABŞ dolları dəyərində bir sıra kommersiya müqavilələri imzalandı. Bu isə bir daha onu göstərir ki, əlaqələrimiz dinamik inkişaf səviyyəsindədir. Bu inkişafa Özbəkistan və Azərbaycan arasında möhkəm qanunvericilik bazası da kömək edir, çünki hazırda xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən 130-dan çox belə hüquqi akt mövcuddur. Qeyd edək ki, Azərbaycan müəssisələri də Özbəkistana investisiya yatırmaqda maraqlıdırlar, çünki Daşkənd hazırda xarici investorların cəlb edilməsi ilə fəal məşğul olur. Son illər ölkələrimiz arasında birgə müəssisələrin sayının 4 dəfə artması, bu gün Özbəkistanda Azərbaycan kapitalı ilə 238 müəssisənin fəaliyyət göstərməsi buna əyani  sübutdur. Ortaq tarixə, mədəni mirasa, eyni kökə bağlı, dini dəyərləri paylaşan Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir.

Mustafa KAMAL,

"Respublika".