Azərbaycan və Özbəkistan münasibətləri daha da möhkəmlənir
Türk dünyası

Azərbaycan və Özbəkistan münasibətləri daha da möhkəmlənir

Azərbaycanın region və ətraf ölkələrlə güclü əməkdaşlıq əlaqələri var. Bunlardan biri də elə məhz dost dövlət Özbəkistandır. Burada əsas məsələlərdən biri də məhz qarşılıqlı maraqlardır. Belə ki, Özbəkistan dünyanın 5 pambıq ixracatçısından biridir. Qızıl ehtiyatlarına görə dünyada 4-cü, onun hasilatına görə isə 9-cu yerdədir. Həmçinin ölkəmizin regionda güclü mövqedə yer alması, Xəzər dənizi faktoru Özbəkistanın buraya marağını daha da artırır. Çünki Özbəkistanın dənizə çıxışı olmadığına görə, o, okeanlara çıxış üçün azı iki dövlətin sərhədini keçməlidir. Həmçinin Özbəkistan Xəzər dənizinə də çıxışı olan nəqliyyat habına çevrilmək istəyir. Belə olduğu təqdirdə dövlətlərimizin daha çox yaxınlaşmasına səbəb yaranır.

Şavkat Mirziyoyevin Azərbaycana səfər etməsi bir sıra aspektlərdən xüsusi önəm daşıyır. Belə ki, dost ölkə başçısının yenidən prezident seçildikdən sonra ölkəmizə, ümumilikdə isə xaricə ilk səfəri olub. Bu da iki ölkə arasındakı yüksək dostluq və səmimiyyətin göstəricisidir. Xanımı ilə ölkəmizə səfər edən Şavkat Mirziyoyev işğaldan azad edilmiş bölgələrimizdə gedən işlərlə tanış olub, doğma torpaqlarına qovuşan vətəndaşlarımızla görüşüb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva bölgələrimizə səfəri çərçivəsində Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Görülən işlərlə tanış olan ölkə başçıları və xanımlarına məktəb haqqında geniş məlumat verilib. Belə ki, Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Şübhəsiz ki, illərin sınağından keçmiş bu dostluq münasibəti nəticəsində bu gün ölkələrimiz etibarlı strateji tərəfdaşdır. Səfərlə bağlı Milli Məclisin deputatı Naqif HƏmzƏyev bildirib: "Sovetlər dövründə belə Azərbaycan və Özbəkistan münasibətləri yaxşı səviyyədə olub. Müstəqillik qazandıqdan sonra hər iki dövlət rəhbərləri bu münasibətlərin inkişaf etdirilməsinə böyük maraq göstəriblər. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri Azərbaycan və Özbəkistan arasında iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin güclənməsinə gətirib çıxarıb. Ötən dövrdə qarşılıqlı səfər zamanı baş tutmuş görüşlərin və hökumətlərarası komissiyaların fəaliyyəti nəticəsində dövriyyənin 2,5 dəfə artmasına şahid olduq. Bununla yanaşı, logistik xidmətlərin göstərilməsində də say artımı göz önündədir. Qarşılıqlı və tələbata uyğun müxtəlif sahələr üzrə məhsulların iki ölkə arasında dövriyyəsinin artması şahidi olduğumuz digər məsələlərdəndir. Son dövrdə hər iki ölkə əhalisinin qarşılıqlı turist səfərləri olduqca çoxalıb. Bir sözlə, son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlər artan xətt üzrə inkişaf edir.

Bütün bunlarla yanaşı, beynəlxalq təşkilatlarda Azərbaycan və Özbəkistan eyni mövqedən çıxış edirlər. 44 günlük Vətən müharibəsinin gedişində də Özbəkistan açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyib. Torpaqlarımız işğaldan azad olunduqdan sonra da özbək xalqı adından Şavkat Mirziyoyev Qarabağ və Şərqi Zəngəzurda quruculuq, abadlıq işlərinə töhfə vermək məqsədilə 960 nəfərlik orta məktəbinin Füzuli şəhərində tikilməsini Azərbaycan hökuməti ilə razılaşdırıb. Bu jest Prezident və Azərbaycan xalqı tərəfindən müsbət və böyük ehtiramla qarşılanıb. Eyni zamanda, Şavkat Mirziyoyev növbəti dəfə prezident seçildikdən sonra Azərbaycana ilk rəsmi səfəridir. Özbəkistan Prezidenti türk dövlətləri içərisində Rəcəb Tayyib Ərdoğandan sonra ikinci prezidentdir ki, bu torpaqlara rəsmi səfər edib.

Həm Füzulidə, həm də Şuşada maraqlı görüşlərin şahidi olduq. Bakıda baş tutan həm təkbətək, həm də böyük heyətlə olan görüşlərdə biz bir daha əmin olduq ki, Azərbaycan və Özbəkistan qardaşlığı strateji müttəfiqlik səviyyəsinə gəlib çatıb. Bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hökumətlərarası Ali Şura təsis edildi, sənədlər imzalandı. İnanırıq ki, Ali Şuranın yaradılması ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə gətirib çıxaracaq. Yaxın gələcəkdə hər iki dövlətin birlikdə böyük inkişaf yolu keçəcəyinin şahidi olacağıq.

Töhfə SƏMƏDOVA,

"Respublika".