Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın müsahibəsi
Türk dünyası

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın müsahibəsi

Azərbaycan Respublikasında səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ölkəmizə səfərinin yekunları ilə bağlı oktyabrın 16-da AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

–Cənab Prezident, artıq dörd gündür Azərbaycandasınız və istərdik səfərinizlə bağlı yekun təəssüratlarınızı öyrənək.

–Səfərimin çox yaxşı keçdiyini deyə bilərəm. Biz Azərbaycana nazirlərimiz, folklor qruplarımız, turizm agentliklərimiz və bir çox fərqli sahədən olan ümumilikdə 150-dən çox insanın daxil olduğu geniş heyətlə gəldik. Məqsədimiz Şimali Kiprin turizm imkanlarını və mədəniyyətini tanıtmaqdır. Dövlət rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlər keçirdik. Ən əhəmiyyətlisi isə Prezident İlham Əliyevin məni qəbul etməsi və bir çox məsələləri müzakirə etməyimiz oldu.

Biz Şimali Kiprdə "bir millət, üç dövlət" deyirik. Azərbaycanın bu gün Türkiyə ilə çox güclü əlaqələri var. Biz də Azərbaycanın bütün uğurlarına sevinir və ölkənizi dəstəkləyirik. Xüsusilə Qarabağ Zəfəri və son günlərdə baş verən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam təmin olunduğunu bütün dünya gördü. Mən bu münasibətlə Prezident, Ali Baş Komandan İlham Əliyevi, onun silahdaşlarını və Azərbaycan Silahlı Qüvvələrini bir daha ürəkdən təbrik edirəm. Bu, böyük Zəfərdir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin və onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə çox ciddi inkişaf yolu keçib. Biz Oğuz türkləri olaraq tarixi, mədəni və mənəvi köklərlə bir-birimizə bağlıyıq. Bu əlaqələrin daha da güclənməsi və gələcək nəsillərin bir-birini daha yaxından tanıması üçün Türk Dövlətləri Təşkilatının bütün türk dövlətlərini birləşdirməsi və aramızda iqtisadi, ticari, mədəni əlaqələrin gücləndirilməsi məsələləri bütün görüşlərimizdə nəzərdən keçirildi.

Azərbaycanda qardaşlıq və sevgi gördük. Bu gün geri qayıdarkən Şimali Kiprə buradan çoxlu salam və sevgi aparıram. Coğrafi baxımdan bir-birimizdən uzaq olsaq da, texnologiya əsri bu məsafələri aradan qaldırır.

–Cənab Prezident, Siz ölkəmizdə səfərdə olduğunuz müddətdə - ötən gün Azərbaycanda tarixi hadisə yaşandı. Azərbaycan Prezidenti Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda, Xocavənddə Bayrağımızı ucaltdı. Bu barədə fikirləriniz maraqlı olardı.

–Qürurverici hadisədir. Cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü günündə Azərbaycan Bayrağının Xocalıda və digər şəhərlərdə ucaldılması və bunun mənim səfərim müddətində baş verməsi məni çox xoşbəxt etdi. Bizim üçün də Şimali Kiprdə bayrağımızın daim dalğalanması çox vacibdir. Bir ay əvvəl bizim daxili işlər nazirimizin də qatıldığı iclasın iştirakçılarını qəbul edərkən cənab İlham Əliyev bildirdi ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanacaqdır. Onun bayrağa verdiyi dəyər çox yüksəkdir. Bu, Şimali Kiprdə də belədir. Çünki bayraq bizim milli dəyərlərimizin, milli iradəmizin, müstəqilliyimizin və suverenliyimizin atributudur. Azərbaycanın hər yerində Türkiyə bayraqlarını gördüm. İki türk dövlətinin bu yaxınlığı, Şuşa Bəyannaməsinin imzalanması ilə qurulan müttəfiqlik çox əhəmiyyətlidir. Bu əlaqələr Şimali Kipr ilə Türkiyə, həmçinin bizim qardaş ölkə adlandırdığımız Azərbaycanla da inkişaf edir. Odur ki, belə vacib bir hadisənin mənim səfərimə təsadüf etməsi səfərimi daha da dəyərli etdi.

–Cənab Prezident, Bakıda keçirdiyiniz mətbuat konfransında Azərbaycanla Şimali Kipr arasında turizm və tələbə mübadiləsinin tərəfdaşlıq əlaqələrində əsas olduğunu bildirdiniz. Maraqlıdır, hazırda Şimali Kiprdə neçə azərbaycanlı tələbə var? Sizdə dəqiq say varmı?

–Uzun illər ərzində Azərbaycandan minlərlə tələbə Şimali Kiprdə təhsil alıb. Son illər bu rəqəm bir qədər azalıb. Bunun fərqli səbəbləri var. Ancaq deyə bilərəm ki, hazırda Şimali Kiprdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır və çoxlu sayda da azərbaycanlı müəllim işləyir. Bizdə Azərbaycanla bağlı bir çox tədbirlər keçirilir və çoxlu sayda incəsənət xadimləri, rəssamlar Şimali Kiprə gəlib-gedirlər. Cənab İlham Əliyev söhbətimiz əsnasında mənə daha çox azərbaycanlı tələbənin Şimali Kiprdə təhsil almasını istədiyini bildirdi. Mən də bunu istəyirəm. Düşünürəm ki, bizdən də tələbələr buraya gəlib təhsil almalıdırlar. Tələbələrlə yanaşı, müəllim mübadiləsi də təşkil oluna bilər. Artıq Şimali Kipr daha əlçatandır. Türkiyənin istənilən hava limanından Şimali Kiprin "Ercan" hava limanına hər gün səfərlər təşkil olunur, yəni 3 saat ərzində bu yolu qət etmək mümkündür. Düşünürəm ki, siyasi təmaslar artdıqca turizm və təhsil sahələrində də əlaqələr, eləcə də aramızdakı bağlar daha da güclənəcək.

–Cənab Prezident, Azərbaycan ilə Şimali Kipr arasında ticarətin inkişafı üçün potensialı necə qiymətləndirirsiniz?

–Bizim üçün ən vacibi turizm və təhsil sahələridir. Çünki Şimali Kipr ada iqtisadiyyatı üzərində qurulub. Mən burada kənd təsərrüfatı ilə məşğul olan insanlar gördüm, bizim məhsullarımızı burada bazara çıxara biləcək insanlar gördüm və düşünürəm ki, zamanla müxtəlif sahələrdə müştərək işlər görülə bilər.

–Cənab Prezident, bu səfər əsnasında yeni əməkdaşlıq sahələri üzərindən söhbətlər aparıldımı?

–Mənim səfərim əsasən siyasiyönümlüdür. Prezident İlham Əliyevin bizə verdiyi dəstək, onun çıxışları, Şimali Kipr həqiqətlərinin bütün dünyaya çatdırılmasında cənab İlham Əliyev kimi bir dünya liderinin verdiyi açıqlamalar bizim üçün çox vacibdir. Bizim yanımızda, əlbəttə ki, "Ana vətənimiz" adlandırdığımız Türkiyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan var. Lakin cənab İlham Əliyevin də dünyada nüfuzu çox böyükdür, o, son 20 ildə Azərbaycana böyük uğurlar qazandırıb. Onun da Şimali Kiprə dəstəyinin bütün dünya üçün təsirli olacağını düşünürəm. Çünki bizim buradakı görüşlərimiz Şimali Kipr türklərinin haqlarının müdafiə olunmasına böyük dəstək verir. Artıq bütün dünya düşünür ki, Türkiyə ilə bərabər Azərbaycan da Şimali Kipr türklərinin yanındadır. Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında bizə dost olan çox ölkə var. Lakin Qərb dünyası bölgədəki yunanların təsiri ilə əlaqədar bizimlə əməkdaşlıq etməkdən çəkinir. Onların bu həmrəyliyi tarixlərindən gəlir, ancaq bizim də həmrəyliyimiz yenə bizim tariximizə və mədəniyyətimizə söykənir. Bu mənada cənab İlham Əliyevin bizi müdafiə etməsi bizim üçün çox vacibdir və dəyərlidir. Bizim bu səfərimiz tarixi səfərdir. Biz burada böyük dəstək gördük və bu dəstəyə görə Prezident İlham Əliyevə, həmçinin Azərbaycan xalqına minnətdarıq.

–Cənab Prezident, Türk Dövlətləri Təşkilatının bir müddətdir müşahidəçi üzvüsünüz, son olaraq bu barədə də fikirlərinizi öyrənmək istərdik.

–Bir il öncə Səmərqənddə 9-cu dövlət başçıları səviyyəsindəki görüşdə müşahidəçi üzv kimi yekdilliklə qəbul edildik. Burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük rolu vardı. Bu, tarixi hadisə idi. Şimali Kipr bir türk dövləti olaraq oradadır. Bəzi fərqli düşüncələr ola bilər, "Kiprdə təkcə Kipr Respublikası var", "Türklər separatçıdır" deyərək bizə qarşı ədalətsiz davranışlar sərgilədilər. Ancaq onlar bilməlidirlər ki, biz ayrı bir dövlətik. Dili, dini, irqi, keçmişi, mübarizəsi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə ayrıca bir millətik. Bu millət isə öz dövlətini qurub. O dövlət demokratik, müasir, Türkiyənin tanıdığı bir dövlətdir. Şimali Kipr xalqı üçün öz torpağında yaşaması vacib, həyati önəm kəsb edir. Əks halda, Şimali Kipr xalqı yox olar. Şimali Kipr Türk Cümhuriyyəti dediyimiz ərazidən 60 il əvvəl bizi silah gücü ilə çıxaranlara, bizə qarşı qətliam törədənlərə, bizi çadırlarda yaşamağa məcbur edənlərə qarşı mübarizə apararaq, Türkiyəmizin də dəstəyi ilə dövlət qurduq və 1974-cü ildə Kipr Sülh Hərəkatından sonra Kiprdə sülhə nail olunub. Bu sülhdən türklər də faydalanıblar, lakin yunanlar daha çox fayda görüblər. Çünki cənubda türk əsgəri sülh gətirdiyi üçün Cənubi Kipr dövləti bütün dünyanın da dəstəyi ilə iqtisadi cəhətdən çox faydalanıb və inkişaf edə bilib. Ancaq onlar bölgədə məhz sülh olduğu üçün inkişaf edə bildilər. Əgər müharibə olsaydı, heç vaxt bu qədər inkişaf olmazdı. 1974-cü ildə türk əsgərinin gəlişi ilə adada bərqərar olunan sülhün davam etdirilməsi çox vacibdir.

Biz hazırda yeni bir siyasətə start vermişik. Bu gün İsraildə və Fələstində baş verənlər göstərir ki, əslində, dünya bu cür məsələləri həll etməkdən nə qədər uzaqdır. Belə ki, Kiprə baxacaqlar, Kiprdəki həqiqətlərə baxacaqlar, 60 ildir Kiprdə iki dövlət var. Bu iki xalq 60 ildir ayrı yaşayır. Heç kəs bizi birləşdirməyə cəsarət etməsin, çünki bu, doğru deyil. Birləşərsə, yenidən qan tökülər. Sülhün davam etməsi üçün mütləq türk əsgəri orada olacaq, ordu orada olacaq. Türkiyənin təminatı davam edəcək. Belə olduğu halda sülh əbədiyyətə qədər davam edər. Ona görə də Türkiyənin bizim yanımızda olması həyati əhəmiyyət daşıyır.

–Cənab Prezident, müsahibə üçün vaxt ayırdığınıza görə çox təşəkkür edirik.

–Bütün Azərbaycan xalqına bir daha təşəkkür edirəm. Şimali Kipr Türk xalqı Azərbaycan xalqı ilə qardaş xalqdır. Sizin mübarizəniz, Qarabağ Zəfəriniz bizi çox sevindirib. Şimali Kipr xalqı hər zaman sizin yanınızdadır. Xalqımızın sevgisini bir daha sizlərə çatdırıram.